BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşü Yeni Dehlidə başlayıb

2 Min Read

Daparıcı inkişaf etməkdə olan iqtisadiyyatlarını birləşdirən BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşü Hindistanın paytaxtı Yeni Dehlidə start götürüb.

Görüş ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra yaranan gərginlik, qlobal enerji bazarlarına artan təzyiq və yanacaq qiymətlərindəki bahalaşma fonunda keçirilir.

Hindistan tədbir çərçivəsində təşkilata üzv olan 11 ölkənin xarici işlər nazirlərini qəbul edir. Xatırladaq ki, BRICS birliyi Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb. Görüşün iki gün davam edəcəyi bildirilir.

Görüşdə İran və Rusiya təmsil olunur

Toplantıda İranın xarici işlər naziri Abbas Araqçi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin Hindistandakı səfiri Xu Feyhun iştirak edir.

Çinin xarici işlər naziri Vanq Yi isə ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiyinə görə görüşə qatılmayıb.

Enerji və iqtisadi məsələlər əsas müzakirə mövzusudur

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar açılış çıxışında bildirib ki, BRICS inkişaf etməkdə olan ölkələrə təkcə maliyyə problemlərinin deyil, həm də enerji, ərzaq və gübrə qiymətlərinin artmasının yaratdığı çətinliklərin öhdəsindən gəlməkdə kömək edə bilər.

Onun sözlərinə görə, görüşdə həm qlobal və regional məsələlər, həm də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

“Beynəlxalq münasibətlərdə genişmiqyaslı dəyişikliklərin baş verdiyi bir dövrdə toplaşmışıq”, — deyə Cayşankar bildirib və əlavə edib ki, inkişaf etməkdə olan ölkələr BRICS-dən getdikcə daha çox “konstruktiv və sabitləşdirici rol” gözləyirlər.

Qeyd edək ki, BRICS xarici işlər nazirlərinin görüşü mayın 14-15-də Hindistanda keçirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş