Rutte: NATO ölkələri Ukraynaya ÜDM-in 0,25%-ni ayırmağı təklif edir

2 Min Read

Məsələ ilə tanış mənbələrin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte alyans üzv dövlətlərinin Ukraynaya yardım göstərmək üçün hər il ümumi daxili məhsulun (ÜDM) 0,25%-ni ayırmasını təklif edib. Mənbələrin bildirdiyinə görə, Rutte ötən ayın sonunda NATO səfirlərinin qapalı görüşündə bu təşəbbüsü gündəmə gətirib və iyul ayında Türkiyədə keçiriləcək sammitdən əvvəl də bu mövzunu müzakirə edib.

Mənbələrdən biri “Politico”ya bildirib: “Rutte və bir çoxumuz Ukraynaya göstərilən dəstəyin ardıcıl və proqnozlaşdırıla bilən olmasını istəyirik”.

Əgər bu təklif qəbul olunarsa, Ukraynaya illik yardımın həcmi təxminən üç dəfə artaraq 143 milyard dollara çata bilər. Jurnal bu hesablamanı NATO ölkələrinin ümumi ÜDM göstəricisinə əsasən aparıb.

“Politico”ya danışan mənbələrin sözlərinə görə, Rutte bu təklifi bəzi müttəfiqlərin Kiyevə digərlərinə nisbətən daha az və ya daha çox yardım göstərməsi ilə bağlı narazılıqlara cavab olaraq irəli sürüb. Xüsusilə Almaniyanın Kiel İnstitutunun məlumatlarına əsasən, Skandinaviya ölkələri planlaşdırılandan daha çox töhfə verib, Qərbi Avropanın böyük dövlətlərinin yardımı isə onların iqtisadi göstəricilərinə daha yaxın səviyyədədir. Cənubi Avropa ölkələri isə “nisbətən kiçik donorlar” kimi qalır.

Lakin məlumatlara görə, bu təşəbbüs artıq Fransa, Böyük Britaniya və NATO-nun digər üzvləri tərəfindən ehtiyatla qarşılanıb. Üstəlik, belə bir qərarın qəbul olunması üçün bütün üzv dövlətlərin razılığı tələb olunur.

Ukraynaya ÜDM-in 0,25%-nin ayrılması ideyası ilk dəfə ötən yay Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən səsləndirilib. O, həmin vaxt demişdi: “Ukrayna Avropa təhlükəsizliyinin ayrılmaz hissəsidir və tərəfdaş ölkələrin ÜDM-nin 0,25%-nin müdafiə sənayemizə və yerli istehsala yönəldilməsini istəyirik”.

Məlumata görə, 2025-ci ildə tərəfdaş ölkələr Ukraynaya 45 milyard dollarlıq hərbi yardım göstərib. Bu məbləğə silah tədarükü və Ukrayna müdafiə müəssisələrinə investisiyalar daxildir.

Daha əvvəl Rutte bildirib ki, Avropa və Kanada PURL proqramı çərçivəsində ABŞ-dan Ukrayna üçün silah almağa hər ay təxminən 1 milyard avro xərcləyir. Bu mexanizm ABŞ prezidenti Donald Trampın Kiyevə təmənnasız hərbi yardım göstərməkdən imtina etməsindən sonra yaradılıb. Proqrama əsasən, Ukrayna hər ay ehtiyac duyduğu silah siyahısını təqdim edir, daha sonra Avropa ölkələri bu silahları ABŞ-dan satın alır.

Ruttenin sözlərinə görə, 2026-cı ildə Avropa ölkələri Ukraynaya 15 milyard dollar dəyərində silah tədarük etməyi planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş