Finlandiyanın cənub-şərqində və Pirkanmaa bölgəsində pilotsuz uçuş aparatları ilə bağlı insidentlərdən sonra F/A-18 Super Hornet qırıcıları havaya qaldırılıb. Həyəcan siqnalı Helsinki hava limanının şübhəli dron səbəbindən müvəqqəti fəaliyyətini dayandırmasından bir gün sonra verilib.
izmedia.az xəbər verir ki, Finlandiya hərbçiləri ölkənin hava məkanında naməlum uçuş aparatlarının görünməsi fonunda aviasiyanı yüksək hazırlıq vəziyyətinə gətirib. Müdafiə Qüvvələri cənub-şərq bölgələrində və Pirkanmaada hava nəzarətinin gücləndirildiyini rəsmi şəkildə təsdiqləyib. Həmin ərazilərdə qırıcı təyyarələr də cəlb olunub.
Mayın 15-i səhər saatlarında Helsinki şəhərinin yerləşdiyi Uusimaa bölgəsində ehtimal olunan dron uçuşu qeydə alınıb. Təhlükə o qədər ciddi qiymətləndirilib ki, paytaxt hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Daha sonra hava limanı adi iş rejiminə qayıdıb.
Finlandiya Prezidenti Alexander Stubb mövcud vəziyyətlə bağlı açıqlamasında bildirib ki, hazırda ölkəyə qarşı birbaşa hərbi təhlükə yoxdur.
Bununla belə, Finlandiyada pilotsuz uçuş aparatlarının həm ölkə ərazisində, həm də hava məkanında müşahidə olunması ilə bağlı xəbərlər mütəmadi olaraq yayılır. Finlandiya hakimiyyəti Ukraynaya məxsus PUA-ların uçuşlarını və qəzalarını qəbuledilməz adlandıraraq bu cür halları pisləyib.
Xatırladaq ki, bundan əvvəl Litvada döyüş dronu qəzaya uğramışdı. Litva Prezidenti Gitanas Nauseda isə dron hücumları ilə bağlı Avropaya veto hədəsi etmişdi.
![]()
