Çinin “Pallas-1” daşıyıcı raketi ilk sınaq uçuşunu uğurla başa vurub

1 Min Read
Çinin “Galactic Energy” özəl kosmik şirkəti tərəfindən hazırlanan “Pallas-1 Y1” (“Zhishenxing-1 Y1”) daşıyıcı raketi çərşənbə axşamı ilk sınaq uçuşunu uğurla reallaşdırıb. Çin Mərkəzi Televiziyasının (CCTV) verdiyi məlumata görə, təyyarə və raket sınaqları üzrə ixtisaslaşan yeni nəsil daşıyıcı bütün sınaq tapşırıqlarını tam yerinə yetirib.
Buraxılış Pekin vaxtı ilə saat 10:00-da ölkənin şimal-qərbində yerləşən Szütşuan (Jiuquan) Kosmik Mərkəzinin yaxınlığındakı Donfen Kommersiya Kosmik İnnovasiya Zonasının buraxılış meydançasından icra olunub. Faydalı yük daşımayan sınaq raketi uçuş trayektoriyası boyunca tam ştat rejimində işləyib və qarşıya qoyulan bütün texniki hədəflərə nail olunub.
“Pallas-1” iki mərhələli, orta mənzilli maye yanacaqla işləyən raketdaşıyıcıdır. Raket Yer kürəsinin aşağı orbitinə (LEO) 7 ton, günəş-sinxron orbitinə (SSO) isə 3 ton faydalı yük çıxarmaq gücünə malikdir. Layihənin əsas texnoloji üstünlüklərindən biri raketin birinci mərhələsinin şaquli eniş edərək gələcəkdə təkrar istifadə üçün nəzərdə tutulmasıdır.
Ekspertlər bildirirlər ki, bu sınağın uğurla yekunlaşması Çinin özəl kosmos sənayesində təkrar istifadə oluna bilən kommersiya raketlərinin tətbiqi istiqamətində mühüm addımdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş