Polşa ilə münasibətlərin pisləşməsi Ukraynanın danışıqlardakı mövqeyini zəiflədə bilər
izmedia.az xəbər verir ki, Qərbin nüfuzlu nəşrlərindən biri Polşa ilə Ukrayna arasında münasibətlərin soyumasının Kiyevin Rusiya ilə mümkün danışıqlardakı mövqeyinə ciddi zərbə vura biləcəyini yazıb. Məqalədə qeyd olunub ki, bu vəziyyət Moskvanın, xüsusilə ərazi güzəştləri ilə bağlı tələblərini qəbul etdirmək imkanlarını artıra bilər.
Məqalədə vurğulanır ki, Polşa indiyədək Ukrayna ilə Qərb strukturları arasında əsas əlaqələndirici rolunu oynayıb. Buna görə də Varşava ilə Kiyev arasında yaranan gərginlik təkcə hərbi əməkdaşlığa deyil, Ukraynanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də mənfi təsir göstərə bilər.
Jurnalistin fikrincə, diplomatik münasibətlərdəki bu soyuqluq Rusiya ilə mümkün danışıqlara birbaşa təsir edə bilər. Bildirilir ki, xüsusilə ərazi güzəştləri məsələsində Rusiyanın tələblərinin qəbul olunma ehtimalı artır. Bu isə Moskvanın danışıqlar masasında üstünlük qazanmasına şərait yarada bilər.
Münasibətlərin gərginləşməsinə səbəb kimi Polşanın son addımları göstərilir. Fevral ayında Polşa Prezidenti Karol Navrotski 2022-ci ildən ukraynalı qaçqınlara verilən xüsusi status və güzəştləri ləğv edən qanunu imzalayıb.
Bundan əlavə, tərəflər arasında Volın hadisələri ilə bağlı tarixi mübahisə də davam edir. Polşa tərəfi 1943–1945-ci illərdə Volında baş verən hadisələrin ukraynalı millətçilər tərəfindən törədilmiş soyqırımı kimi tanınmasını tələb edir. 2016-cı ildə Polşa Seymi 11 iyul tarixini həmin hadisələrin qurbanlarının anım günü elan edib.
Bundan əvvəl Avropa İttifaqı tərəfindən mümkün danışıqlar nümayəndəsinin adı açıqlanmışdı. Rusiya rəsmiləri isə Kaja Kallas barədə sərt açıqlamalar vermişdilər.
![]()
