İran rəsmiləri ABŞ-a xəbərdarlıq edib: “İstənilən hücuma daha sərt cavab veriləcək”

1 Min Read

İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi çərşənbə axşamı bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlayarsa, Tehran Vaşinqtonu geri çəkilməyə məcbur edəcək.

Rzayi X sosial şəbəkəsində yazıb: “O (ABŞ Prezidenti) hərbi zərbə üçün son tarix müəyyən edir, daha sonra isə özü onu ləğv edir. Güclü silahlı qüvvələrin və böyük İran xalqının dəmir yumruğu onları geri çəkilməyə və təslim olmağa məcbur edəcək”.

Eyni zamanda, İranın “Tasnim” xəbər agentliyi İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahinin də ABŞ və müttəfiqlərini yeni “strateji səhvlər və yanlış hesablamalar” etməməyə çağırdığını bildirib.

Onun sözlərinə görə, İran silahlı qüvvələri əvvəlkindən daha hazırlıqlı və güclüdür və istənilən mümkün təcavüzə cavab verməyə hazırdır.

Abdullahi xəbərdarlıq edib ki, hər hansı yeni addım əvvəlkindən daha sərt reaksiyaya səbəb olacaq.

İran rəsmilərinin bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hücum planının iki və ya üç gün müddətinə təxirə salındığını bildirməsindən sonra səsləndirilib.

Məlumata görə, Tramp daha əvvəl çərşənbə axşamı hücumların başlanmasını planlaşdırsa da, böhranın diplomatik yolla həlli üçün İranla əlaqədə olan bir sıra ölkələrin müraciətindən sonra bu planı dayandırıb.

Bununla yanaşı, ABŞ lideri Amerika ordusuna İrana qarşı mümkün əməliyyata hazırlıq göstərişi verdiyini və tərəflərin kompromis əldə edə bilməyəcəyi halda hərbi addımların atılacağını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş