Litva Prezidenti Gitanas Nauseda və ölkə rəhbərliyinin digər nümayəndələri şübhəli pilotsuz uçuş aparatının aşkarlanması səbəbindən sığınacağa eniblər.
Bu barədə “Delfi Litva” portalı məlumat yayıb.
Məlumata görə, Baş nazir İnqa Ruqinenė və Seymin sədri Yozas Olekas da prezidentlə birlikdə sığınacaqda olub.
Litva Müdafiə Nazirliyi X sosial şəbəkəsində bildirib ki, ölkə sərhədi yaxınlığında şübhəli pilotsuz uçuş aparatının aşkarlanmasından sonra respublikanın bəzi bölgələrində hava həyəcanı elan edilib.
Vilnüs sakinlərinin də sığınacaqlara yerləşdirildiyi qeyd olunur. Sosial şəbəkələrdə fövqəladə vəziyyət zamanı məktəblilərin məktəb partalarının altında gizləndiyini əks etdirən görüntülər yayılıb.
Bundan başqa, Litvanın paytaxtında ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, Vilnüs hava limanı isə müvəqqəti olaraq işini dayandırıb.
Daha sonra hava təhlükəsi aradan qaldırılıb.
İzmedia.az
![]()

