ABŞ-ın Arizona ştatında yerləşən otel nömrəsində 17 aylıq oğlan uşağının cəsədi tapılıb. Məlumata görə, uşağın anası onu təxminən iki həftə ərzində otelin soyuducu bölməsində gizlədib. Qadın daha sonra özü təcili yardım xidmətinə zəng edərək hadisə barədə məlumat verib.
31 yaşlı Oçra Manakaya adlı qadın ABŞ-ın Arizona ştatının Flagstaff şəhərində yerləşən “La Quinta Inn & Suites” otelində oğlunun ölümündə şübhəli şəxs kimi saxlanılıb.
Hadisə 17 may bazar günü üzə çıxıb. Qadın 911-ə zəng edərək uşağının öldüyünü bildirib. Operatorun dəqiqləşdirici sualına cavab olaraq o, “Mən onu öldürdüm” deyib və zəngi kəsib. Hadisə yerinə gələn polis əməkdaşları otaqda uşağın cansız bədənini aşkarlayıblar. Eyni otaqda qadının 7 və 9 yaşlı digər iki uşağı da olub və onların xəsarət almadığı bildirilir.
İlkin ifadələrə görə, hadisə aprelin sonlarında başlayıb. Qadın uşağın ağlamasından əsəbiləşərək onu yerə atdığını bildirib. Bir neçə gün sonra uşağın vəziyyəti pisləşib, lakin o, tibbi yardım çağırmaqdan çəkinib.
Daha sonra qadın uşağın hərəkətsiz olduğunu görüb və onun artıq öldüyünü düşündüyünü deyib. Hadisədən sonra o, cəsədi gizlədib.
Qadın sonradan etdiyi əməldən peşman olduğunu bildirib. O, “səhv etdiyini” və uşağın belə bir aqibətə layiq olmadığını deyib.
18 may bazar ertəsi günü polis tərəfindən saxlanılan qadına birinci dərəcəli qətl, uşaqla qəddar rəftar və cəsədin gizlədilməsi kimi ittihamlar irəli sürülüb.
![]()
