izmedia.az xəbər verir ki, türkiyəli siyasətçi Öztürk Yılmaz Moskva Arbitraj Məhkəməsinin Euroclear Bank barədə çıxardığı qərarın Rusiya üçün mühüm siyasi və hüquqi alətə çevrildiyini bildirib.
Məlumata görə, məhkəmə Rusiya Mərkəzi Bankının iddiasını tam təmin edərək Euroclear-in təxminən 200 milyard avro ödəməsinə qərar verib. Bu məbləğin 181,5 milyard avrosu aktivlərin dondurulması nəticəsində yaranmış zərər, 18,6 milyard avrosu isə itirilmiş gəlir kimi göstərilib.
Euroclear isə Rusiya məhkəməsinin yurisdiksiyasını tanımadığını və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət həmçinin Avropa İttifaqının sanksiyaları çərçivəsində dondurulan Rusiya aktivlərinin əvvəlki kimi əlçatmaz qaldığını bildirib.
Öztürk Yılmazın sözlərinə görə, bu qərar Moskvaya gələcəkdə Belçika və Euroclear-ə qarşı mümkün cavab addımları üçün hüquqi əsas yaradır.
Qeyd olunur ki, mübahisə Avropa İttifaqının Rusiya dövlət aktivlərinin müddətsiz dondurulması qərarından sonra daha da kəskinləşib. Brüssel həmin vəsaitlərin Ukrayna münaqişəsi başa çatana və zərərin kompensasiya olunmasına qədər blokda saxlanacağını açıqlamışdı.
![]()
