ABŞ İranın tərəfdaşlarına təzyiqi artırır: Çinlə ciddi qarşıdurma riski

2 Min Read

Tramp administrasiyası İrana qarşı iqtisadi təzyiqləri kəskin şəkildə sərtləşdirməyə hazırlaşır. Vaşinqton Tehranla ticarət və maliyyə əlaqələri quran ölkə və şirkətləri sanksiyalarla hədələyir. ABŞ Maliyyə Naziri Skott Bessent CNBC-yə müsahibəsində “tarixin en böyük əlaqələndirilmiş iqtisadi təcridini” həyata keçirəcəklərini bəyan edib.
Lakin Bloomberg-in məlumatına görə, bu strategiya İran neftinin 90%-dən çoxunu alan Çinlə ciddi münaqişə yarada bilər. Vaşinqton indiyədək Çinin yalnız müstəqil neft emalı zavodlarını hədəf alsa da, artıq İranla əməliyyat aparan əsas Çin banklarını, nəqliyyat və dövlət qurumlarını da sanksiya siyahısına salmağı planlaşdırır. Ekspertlər xəbərdarlıq edirlər ki, Pekinə qarşı bu addım Çin prezidenti Si Cinpinin ABŞ-a gözlənilən səfəri ərəfəsində Vaşinqton üçün böyük iqtisadi risklər yarada bilər.
Pekin artıq ABŞ-ın tələblərini rədd edərək ticarət tərəfdaşlarına təzyiqin böhranı həll etməyəcəyini bildirib. Çin, həmçinin nadir torpaq metallarının ixracına məhdudiyyət qoymaqla cavab tədbirlərinə hazır olduğunu nümayiş etdirir.
Təzyiqlər yalnız Çinlə məhdudlaşmır; Türkiyə, Hindistan və BƏƏ də risk altındadır. Türkiyə İran ixracatında ikinci böyük alıcıdır, Hindistan isə qida və dərman ticarətində mühüm rol oynayır. BƏƏ isə son raket zərbələrindən sonra Tehranla iqtisadi əlaqələri kəsdiyini açıqlayıb.
İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti mövcud məhdudiyyətlər səbəbindən neft ixracının faktiki olaraq dayandığını bildirsə də, analitiklər Vaşinqtonun İranın coğrafi qonşuları ilə onilliklərlə mövcud olan ticarət əlaqələrini tam kəsə biləcəyinə şübhə ilə yanaşırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş