Kuba Aİ rəsmisini tənqid edib: “Obyektivlik çatışmır”

2 Min Read
“France-Presse” agentliyinin məlumatına görə, Kuba hakimiyyəti Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallası sərt tənqid edib və onu ABŞ-ın blokadası altında olan adadakı iqtisadi və enerji böhranını qiymətləndirərkən “obyektivliyin olmaması”nda günahlandırıb.

Daha əvvəl Meksikada jurnalistlərə açıqlama verən Kaya Kallas Kubada mövcud ağır sosial-iqtisadi vəziyyəti “onilliklər boyu səmərəsiz idarəetmə və siyasi repressiyaların nəticəsi” kimi qiymətləndirmişdi.

Kuba Xarici İşlər naziri Bruno Rodrigez Kallasın bəyanatlarını “ikili standartların açıq nümunəsi” adlandırıb.

O, sosial şəbəkə platforması X-də yazıb: “ABŞ hökumətinin Kuba xalqına qarşı tətbiq etdiyi qanunsuz, qəddar və ədalətsiz kollektiv cəza, blokadanın sərtləşdirilməsi, neft embarqosu və müharibə təhdidləri hazırkı vəziyyətin əsas səbəbidir”.

Rodrigez əlavə edib ki, Kubanın son onillikdəki dövlət siyasəti geniş ictimai konsensusa əsaslanır və ölkənin daxili işlərinə aiddir.

Nazir həmçinin xatırladıb ki, ABŞ prezidenti Donald Tramp 1 mayda Kubaya qarşı yeni sanksiya dalğası ilə bağlı sərəncam imzalayıb. Bu sanksiyalar xarici şirkətlərə, o cümlədən Avropa şirkətlərinə qarşı ikinci dərəcəli məhdudiyyətləri də əhatə edir.

2017-ci ildə Avropa İttifaqı ilə Kuba arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.

Ötən həftə isə Vaşinqtonun 1996-cı ilə aid bir iş üzrə Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı cinayət ittihamları irəli sürməsi iki ölkə arasında gərginliyi daha da artırıb. Havana bu addımın ABŞ tərəfindən mümkün hərbi müdaxilə üçün bəhanə ola biləcəyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş