İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri-Kani bildirib ki, ABŞ-ın regiona müdaxiləsi olmadan Yaxın Şərq “dünyanın ən sabit nöqtəsi”nə çevrilə bilər. Bu barədə “Trend” agentliyinin “Tehran Times” qəzetinə istinadla yaydığı məlumatda qeyd olunub.
Baqiri-Kani müxtəlif siyasi açıqlamalarında vurğulayıb ki, onun qiymətləndirməsinə görə İranla qonşu ölkələr arasında fundamental ziddiyyətlər mövcud deyil və regiondakı qeyri-sabitliyin əsas səbəbi ABŞ-ın xarici müdaxiləsi və “sionist şəbəkə”nin fəaliyyəti ilə bağlıdır.
O qeyd edib ki, son münaqişələr Hörmüz boğazı da daxil olmaqla strateji dəniz yollarının həssaslığını ortaya çıxarıb. İran rəsmisi ölkəsinin suveren dövlət olduğunu və öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu bildirib.
Baqiri-Kani həmçinin ABŞ-ın “sülh” anlayışını tənqid edərək, onun yalnız Vaşinqtonun maraqlarına xidmət etdiyini və bunun “qanunsuz” yanaşma olduğunu iddia edib. Onun sözlərinə görə, istənilən danışıqların uğuru ABŞ-ın “həddindən artıq tələblərindən” imtina etməsindən asılıdır.
Bundan əlavə, o, Minab məktəbinə hücumla bağlı danışaraq bu kimi hadisələrin ABŞ-ın insan haqları ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib.
İzmedia.az
![]()

