Live Science nəşrinin məlumatına görə, İspaniyanın Barselona şəhərində yerləşən XIV əsrə aid Pedralbes monastırında aparılan arxeoloji qazıntılar zamanı səkkiz məzarda 25 nəfərin qalıqları aşkarlanıb. Tapıntılar arasında Araqon və Valensiya kralı II Xaymenin həyat yoldaşı Kraliça Elisenda de Monkadanın qalıqları da yer alıb.
Qazıntılar monastırın yaradılmasının 700 illiyi münasibətilə həyata keçirilib. Tədqiqatçılar kraliçanın, monastırın ilk abbessalarının və monastırın erkən tarixi ilə əlaqəli digər şəxslərin tabutlarını açaraq araşdırıblar.
Aparılan təhlillər Kraliça Elisenda de Monkadanın təxminən 70 yaşında vəfat etdiyini göstərib. Onun qalıqları kiçik taxta qutuda aşkar edilib. Kraliça sadə monastır geyimində dəfn olunsa da, məzarda qızıl saplarla işlənmiş ipək parça qalıqları, həmçinin rozmarin və mərsin izləri tapılıb.
Monastırın ilk abbessası Sobirana Olzetin məzarında isə tədqiqatçılar onun ölümündən əvvəl və ya ölüm anında aldığı ehtimal olunan üz nahiyəsi zədəsi aşkar ediblər. Alimlər bunun bıçaq yarası ola biləcəyini bildirirlər.
Digər dəfn yerlərinin araşdırılması daha maraqlı nəticələr ortaya çıxarıb. Əvvəllər cəngavər Artau de Foçesə aid hesab edilən məzarda bir kişi əvəzinə beş nəfərin — iki yetkin qadının və üç uşağın qalıqları aşkar olunub. Bundan əlavə, cəngavərə aid olduğu düşünülən kişi qalıqları tapılmayıb. Qadınlardan birinin kəlləsində uzun hörük qismən qorunub saxlanılıb.
Kraliçanın qardaşı qızı və monastırın ikinci abbessası Françeska Saportellanın tabutunda isə müxtəlif dövrlərdə dəfn olunmuş ən azı doqquz nəfərin qalıqları aşkarlanıb. Onların arasında bıçaq yaraları olan dörd kişi kəlləsi, həmçinin hamiləlik zamanı vəfat etmiş qadının qismən mumiyalanmış cəsədi də olub. Təxminən 20-23 həftəlik dölün qalıqları qadının doğum kanalında qorunub saxlanılıb.
Sümüklərlə yanaşı, arxeoloqlar sənədlər, əlyazmalar və musiqi notları da aşkar ediblər. Hazırda həmin materialların konservasiyası və elmi tədqiqi aparılır.
İlkin nəticələrə əsasən, dəfn olunanların əksəriyyəti yüksək sosial statusa malik qadınlar olub. Onların çoxunun uzun ömür sürdüyü və osteoartrit də daxil olmaqla yaşla bağlı xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilib.
Hazırda qalıqların genetik analizi davam edir. Tədqiqatçılar dəfn olunan şəxslərin kimliyini dəqiqləşdirməyə, ailə əlaqələrini müəyyən etməyə və qədim yoluxucu xəstəliklərin izlərini aşkar etməyə çalışırlar. Araşdırmanın yekun nəticələrinin 2027-ci ildə açıqlanacağı gözlənilir.
İzmedia.az
![]()

