Litva Prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) vurduğunu bəyan edib. Düz gecə yarısından sonra Belarus istiqamətindən daxil olan dron İtaliya Hərbi Hava Qüvvələrinə aid qırıcılar tərəfindən zərərsizləşdirilib.
LRT nəşrinin məlumatına görə, PUA-nın ölkə ərazisinə daxil olmasından dərhal sonra Vilnüs, Trakay, Elektrənay və Kaunas bölgələrinin sakinlərinə hava təhlükəsi barədə xəbərdarlıq göndərilib. Vurulan dronun qalıqları Kayşyadoris rayonunun Pratkunay kəndi yaxınlığında boş əraziyə düşüb. Hadisə zamanı Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb, Antalya və Reykyavikdən olan reyslər təxirə salınıb.
Böhran Vəziyyətlərinin İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, aparılan ilk qiymətləndirmələrə görə dronun göyərtəsində partlayıcı maddə olub. Bu, NATO qırıcılarının Litva səmasında PUA vurması ilə bağlı qeydə alınan ilk rəsmi insidentdir.
Baltikyanı regionda artan təhlükə
Son dövrlərdə regionda analoji halların sayı kəskin artıb. “Novaya Qazeta Europe” nəşrinin statistikasına görə, 2025-ci ilin yanvarından 2026-cı ilin may ayınadək Baltikyanı ölkələrin hava məkanına 24 analoji daxilolma halı qeydə alınıb. Cari ilin əvvəlindən bəri isə bu göstərici artıq 15-ə çatıb.
Litva Müdafiə Naziri Robertas Kaunas region ölkələrini müntəzəm dron hücumlarına hazır olmağa çağıraraq, hava hücumundan müdafiə (HHM) və radar sistemlərinin gücləndirilməsi üçün yeni investisiyaların ayrıldığını açıqlayıb. NATO-nun Baş katibi Mark Rutte alyansın bu cür insidentlərə reaksiyasının “sakit, qətiyyətli və mütənasib” olduğunu vurğulayıb. Moskva isə bundan əvvəl Baltikyanı ölkələri Ukrayna PUA-larına dəstək verməkdə ittiham edərək cavab tədbirləri ilə hədələmişdi.
İzmedia.az
![]()

