ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası hesab olunan Nobitex platformasına qarşı sanksiyalar elan edib.
Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Nobitex İran rejiminə əhəmiyyətli dəstək göstərərək 2025-ci ildə ölkəyə daxil olan bütün rəqəmsal aktivlərin 50 faizindən çoxunun emalını həyata keçirib.
Açıqlamada qeyd olunub:
“Nobitex İranın terror fəaliyyətləri, sanksiyalardan yayınma cəhdləri və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli əməliyyatlar, o cümlədən İİKK ilə bağlı fidyə proqramları (ransomware) fəaliyyətləri üzrə ödənişlərin həyata keçirilməsini asanlaşdırıb”.
Sanksiyalar çərçivəsində Nobitex-in Direktorlar Şurasının sədri, şirkətin həmtəsisçisi və keçmiş baş direktoru da qara siyahıya daxil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranın digər kriptovalyuta platformaları – Wallex, Bitpin və Ramzinex-ə qarşı da sanksiyalar tətbiq edib.
ABŞ-ın maliyyə naziri Skott Besant məsələ ilə bağlı bildirib ki, İran hakimiyyəti ölkədə iqtisadi vəziyyətin ağırlaşmasına baxmayaraq, rəqəmsal aktiv texnologiyalarından öz məqsədləri üçün istifadə etməyə davam edir.
“İran iqtisadiyyatı sürətlə zəiflədiyi halda, rejim sanksiyalardan yayınmaq və vəsaitləri ölkədən çıxarmaq üçün rəqəmsal aktivlərdən istifadə etməyi seçib. İranda müşahidə olunan iqtisadi xaos Prezident Donald Trampın maksimum təzyiq siyasətinin uğur qazandığını göstərir”, – deyə Besant vurğulayıb.
İzmedia.az
![]()

