ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs girovların olduğu Chase Bank filialına daxil olaraq binanı partlatmaqla hədələyib. Bu barədə ABC News mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı danışıqlar nəticəsində girovlardan biri təhlükəsiz şəkildə azad edilib.
Rəsmi açıqlamada bildirilir:
“Böhran danışıqları qrupumuzun və Federal Təhqiqat Bürosundakı (FTB) tərəfdaşlarımızın birgə səyləri nəticəsində razılıq əldə edə və girovlardan birini təhlükəsiz şəkildə azad edə bildik”.
Televiziya kanalının məlumatına əsasən, hadisə iyunun 2-də yerli vaxtla Kaliforniyanın Beykersfild şəhərinin mərkəzində baş verib.
Hazırda hücumçudan başqa bank binasında neçə nəfərin olduğu dəqiq məlum deyil. Şəxs binanı partlatmaqla hədələsə də, hüquq-mühafizə orqanları onun əlində partlayıcı qurğunun olub-olmadığını hələ rəsmi şəkildə təsdiqləməyib.
Şübhəli şəxslə telefon vasitəsilə danışıqlar davam etdirilir.
Hadisə yerinə FTB və ABŞ Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları da cəlb olunub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı bir neçə binanın sakinləri təxliyə edilib.
İzmedia.az
![]()

