Papa XIII Leo Roma Katolik Kilsəsinin idarəetmə strukturunda ilk dəfə dindar qadını ən yüksək rəhbər vəzifələrdən birinə təyin edib.
ABŞ-da yerləşən katolik media qurumu EWTN News-un hazırkı rəhbəri Maria Montserrat Alvarado Vatikanın Kommunikasiya Departamentinə rəhbərlik edəcək. Bu departament 2015-ci ildə mərhum Papa Fransisk tərəfindən yaradılıb və Vatikanın xəbər saytı, radio stansiyası, qəzeti, mətbuat xidməti, nəşriyyatı və film arxivindən məsuldur.
Vatikanın açıqlamasına əsasən, Mexiko şəhərində anadan olan və 2008-ci ildə ABŞ vətəndaşlığı alan Alvarado 1 noyabr tarixində təqaüdə çıxan Paolo Ruffininin yerini tutacaq.
Rahibələr və dünyəvi qadınlar artıq Roma Kuriyasında müxtəlif nüfuzlu vəzifələrdə təmsil olunsalar da, Vatikan Xəbərlərinin məlumatına görə, Alvarado “Müqəddəs Taxt-Tacın departamentinə rəhbər təyin edilən ilk dindar qadın” hesab olunur.
Alvarado təyinatla bağlı açıqlamasında bu qərarın onun üçün “gözlənilməz” olduğunu bildirib və bunu “pontifikatın əvvəlində Müqəddəs Ataya xidmət etmək üçün səmimi istək” kimi qəbul etdiyini qeyd edib.
Onun təyinatı Papa Fransiskin 12 illik pontifikliyi dövründə Vatikan idarəçiliyində qadınların rolunun genişləndirilməsi istiqamətində aparılan islahatların davamı kimi qiymətləndirilir.
Fransisk ölümündən əvvəlki son aylarda iki rahibəni — Raffaella Petrini və Simona Brambillanı yüksək vəzifələrə təyin etmiş, eyni zamanda Katolik Kilsəsi daxilində “şovinist düşüncə tərzini” tənqid etmişdi.
Alvarado daha əvvəl EWTN-də xəbər aparıcısı kimi çalışıb, 2023-cü ildən isə şəbəkənin prezidenti və baş əməliyyat direktoru vəzifələrini icra edib. Papa Fransisk isə əvvəllər EWTN şəbəkəsini onun pontifikliyinə dair tənqidi yanaşmalara görə tənqid etmişdi.
İzmedia.az
![]()

