Seulda tək yemək yemək niyə hələ də problem olaraq qalır?

2 Min Read

 

Günorta saat bir radələri idi, həftə içi günlərdən biri. Mən Seulda yarımboş bir restoranın girişində dayanmışdım. Kassanın arxasında duran kişi məni qarşılayanda şəhadət barmağımı qaldıraraq dedim: “Zəhmət olmasa, bir nəfərlik masa verə bilərsiniz?”

Kişi bir anlıq tərəddüd etdi, sonra cavabını tərcümə etməsi üçün həmkarını səslədi.

“Bir nəfərlik olmaz”, – deyə digər əməkdaş laqeyd şəkildə cavab verdi. Hər ikisi başlarını yelləyərək çıxışa tərəf işarə etdilər.

CNN üçün Meggie Hiufu Wong yazır ki, qapı bağlanarkən kimçi güveçinin və qızardılmış ətin qoxusu yoxa çıxsa da, narahatlıq hissi qalırdı.

“Yenə də təəccüblənmədim. Bu, həmin gün məni geri çevirən ikinci restoran idi. Tək səyahət etdiyim üçün özümü həm utancaq, həm də çaşqın hiss edirdim. Dünyada tək yemək getdikcə daha populyar olsa da, bəzi restoranlar hələ də müşayiətsiz qonaqlara qarşı narazılıqlarını açıq şəkildə nümayiş etdirirlər”, – deyə müəllif qeyd edir.

“Bir dost gətirin”

Müəllifin Seuldakı təcrübəsi istisna hesab edilmir. Şəhərdə tək yemək yeməyə qarşı mənfi münasibət uzun müddətdir mövcuddur. Ötən ilin sonunda bir makaron restoranının tək gələn müştərilərdən iki nəfərlik yemək sifariş etmələrini və ya dost gətirmələrini tələb edən lövhə asdığı barədə məlumatlar geniş müzakirələrə səbəb olmuşdu.

Lövhədə böyük hərflərlə belə yazılmışdı:

“Biz tənhalığa xidmət etmirik.”

Bu ifadə bir çox insanın narazılığına səbəb olub, bəziləri isə bunu ayrı-seçkilik kimi qiymətləndirib. Halbuki, 2024-cü ildə Cənubi Koreyada bütün ev təsərrüfatlarının 36 faizdən çoxunu tək yaşayan şəxslər təşkil edib ki, bu da rekord göstərici sayılır.

“Bəzi restoranlarda özümə yoldaş tapmağa çalışırdım. Bəzi koreyalılar mənimlə eyni masada oturmağa razı olurdular. Bu, ən ideal variant deyil, amma heç nədən yaxşıdır”, – deyə bir səyahətçi İnstaqramda yazıb.

Səyahət yazarı və qida jurnalisti Meggie Wong bildirir ki, Cənubi Koreya da daxil olmaqla bir çox ölkədə tək yemək yeməkdə heç bir problemlə qarşılaşmayıb. Bununla belə, onun təcrübəsi təkcə Seulda deyil, dünyanın müxtəlif yerlərində tək yemək yeyən insanların üzləşdiyi uzunmüddətli sosial stiqmanı bir daha gündəmə gətirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş