ABŞ Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul edib

1 Min Read

ABŞ Nümayəndələr Palatası çərşənbə günü demokratların təşəbbüsü ilə irəli sürülən və Konqres əlavə hərbi əməliyyatlara icazə verməyənədək ABŞ qüvvələrinin İrana qarşı müharibədən çıxarılmasını nəzərdə tutan qətnaməni qəbul edib.

Sənəd 215 konqresmenin lehinə, 208 konqresmenin isə əleyhinə səs verməsi ilə təsdiqlənib. Qətnamənin qəbulunda dörd respublikaçı konqresmenin dəstəyi həlledici rol oynayıb.

Qətnamədə qeyd olunur ki, Konqres prezidentə ABŞ Silahlı Qüvvələrini İran İslam Respublikasına qarşı hərbi əməliyyatlardan çıxarmağı tapşırır.

Bununla belə, sənədin hüquqi təsir imkanlarının məhdud olduğu vurğulanır. Belə ki, ABŞ prezidentinin veto hüququna malik olması səbəbindən qətnamə daha çox siyasi və simvolik əhəmiyyət daşıyır.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində təmsil olunan demokratlar səsvermənin nəticəsini “Amerika xalqından Donald Trampa ünvanlanan güclü və birmənalı mesaj” kimi qiymətləndiriblər.

Onlar bəyan ediblər ki, “qanunsuz və geniş ictimai dəstəyə malik olmayan bu müharibəyə son qoymağın vaxtı çatıb”.

Məlumata görə, oxşar məzmunlu qətnamə may ayının sonunda ABŞ Senatında mühüm prosedur mərhələsini uğurla keçib. Daha əvvəl bu istiqamətdə yeddi təşəbbüs uğursuz olmuşdu. Sənədin yaxın günlərdə Senatda da səsverməyə çıxarılması gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş