ABŞ-ın keçmiş birinci xanımı Jill Bayden “Şərq qanadından baxış” adlı xatirələr kitabında Donald Trampın 2025-ci il yanvarın 20-də keçirilən andiçmə mərasimi zamanı varisi Melaniya Trampla yaşadığı gərgin görüşü ətraflı təsvir edib.
“The Independent” qəzetinin yazdığına görə, kitabın son fəslində Jill Bayden aylarla davam edən sərt və qarşılıqlı ittihamlarla müşayiət olunan seçki kampaniyasından sonra hakimiyyətin əri Co Baydendən Donald Trampa təhvil verilməsi ərəfəsində baş verən hadisələri xatırlayır.
Keçmiş birinci xanım yazır ki, həmin soyuq qış günündə atmosferi yumşaltmaq üçün əlindən gələni edib və hətta simvolik məna daşıyan Ralph Lauren geyimi seçib.
“Mavi rəng açıq şəkildə bir tərəfi təmsil edərdi, amma bənövşəyi rəng birliyi simvolizə edirdi. Mən bu gün də buna inanıram”, – deyə o qeyd edib.
Lakin onun sözlərinə görə, Ağ Evin pilləkənlərində iki ailənin görüşü, rəsmi nəzakət mübadiləsi və çay süfrəsindən əvvəl çəkilən ənənəvi foto olduqca gərgin atmosferdə keçib.
Jill Baydenin sözlərinə görə, ən çətin məqam ilk xanımların Kapitoliyə birgə limuzin səfəri zamanı yaşanıb. O qeyd edir ki, səfər boyu söhbət demək olar ki, alınmayıb və nəticədə müzakirələr əsasən hava şəraiti ətrafında cəmlənib.
Keçmiş birinci xanım kitabında yazır ki, Melaniya Tramp FTB-nin Mar-a-Laqodakı axtarışlarına görə Co Baydeni məsul hesab edirdi. Jill Bayden əlavə edib ki, özü də oxşar araşdırmaların hədəfi olduğu üçün bu vəziyyətin nə qədər narahatlıq yaratdığını anlayırdı.
Xatirələrdə Donald Trampın rəsmi mərasimdən sonra Jill Baydenə “Əgər Conun nəyəsə ehtiyacı olsa, mənə zəng edin” dediyi də qeyd olunur.
Kitabda Jill Bayden Donald Trampın hakimiyyətə qayıdışından sonra Ağ Evin Şərq qanadında aparılan genişmiqyaslı yenidənqurma işlərini də tənqid edib. O yazır ki, Vaşinqtondan ona göndərilən fotolarda Şərq qanadının bir çox hissəsinin söküldüyünü görüb və bu mənzərə onu məyus edib.
“Ora baxmaq mənim üçün çox çətin idi. Əvvəllər mənim ofisim olan yer artıq yox idi”, – deyə o bildirib.
Jill Bayden vurğulayıb ki, onu narahat edən əsas məsələ interyer elementlərinin dəyişdirilməsi deyil, Ağ Evin tarixi və institusional yaddaşının zərər görməsi olub.
Onun sözlərinə görə, hər bir söküntü işi ölkənin tarixinin bir hissəsinin itirilməsi hissini yaradırdı.
İzmedia.az
![]()

