Çinin humanoid robot sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu barədə “South China Morning Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, yaxın vaxtlara qədər şirkətlər əsasən daha sürətli, daha dayanıqlı və daha ucuz robot platformalarının yaradılması uğrunda rəqabət aparırdılarsa, indi diqqət getdikcə robotların “beyni” hesab edilən süni intellekt sistemlərinə yönəlir.
Mütəxəssislər hesab edirlər ki, müasir humanoid robotların mexaniki hissələri tədricən standart texnologiyaya çevrilir. Bir çox Çin şirkəti artıq bu tip robotları kütləvi şəkildə istehsal etmək imkanına malikdir. Lakin əsas çətinlik dəyişən və gözlənilməz şəraitə uyğunlaşa bilən ağıllı sistemlərin yaradılmasındadır.
Məhz buna görə də iri texnologiya şirkətləri “görmə-dil-hərəkət” prinsipi əsasında işləyən süni intellekt modellərinə böyük həcmdə investisiya yatırırlar.
Bu texnologiya robotlara yalnız əvvəlcədən proqramlaşdırılmış əmrləri yerinə yetirməyə deyil, həm də ətraf mühiti təhlil etməyə, insan təlimatlarını anlamağa və tapşırıqları yerinə yetirmək üçün ən uyğun üsulu müstəqil şəkildə seçməyə imkan verir.
Mütəxəssislərin fikrincə, humanoid robotların gələcək inkişafında əsas rəqabət üstünlüyü artıq mexaniki imkanlarla deyil, onların süni intellekt səviyyəsi ilə müəyyən olunacaq.
İzmedia.az
![]()

