ABŞ administrasiyası Kuba Prezidenti Miguel Dias-Kanel və keçmiş Kuba lideri Raul Kastronun oğlu Aleksandro Kastro Espin də daxil olmaqla bir sıra yüksəkvəzifəli Kuba rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinə istinadən “Associated Press” məlumat yayıb. Sanksiyalar çərçivəsində adı çəkilən şəxslərin ABŞ yurisdiksiyasına daxil olan aktivləri dondurulur və onlarla maliyyə əməliyyatları məhdudlaşdırılır.
Məlumata görə, yeni məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının Havanaya təzyiqləri artırmaq istiqamətində atdığı növbəti addımdır. Bundan əvvəl Tramp Kuba hökumətinə, dövlət qurumlarına və onlarla əlaqəli təşkilatlara qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan sərəncam imzalayıb.
Sanksiyalar yalnız Dias-Kaneli deyil, onun yaxın ətrafını və Kastro ailəsinin bəzi üzvlərini də əhatə edir. ABŞ rəsmiləri Kuba hakimiyyətini repressiyalar, korrupsiya və ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərdə ittiham etməyə davam edirlər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayımlanan siyahıda Aleksandro Kastro Espin və digər Kuba rəsmilərinin adları da yer alıb
Qeyd olunur ki, fəaliyyətdə olan dövlət başçısına qarşı sanksiyaların tətbiqi nadir hallarda baş versə də, bu, ABŞ tarixində ilk belə addım deyil. Daha əvvəl Ömər əl-Bəşir, Robert Muqabe və Nicolas Maduro da ABŞ sanksiyalarına məruz qalıblar.
İzmedia.az
![]()

