NATO-nun Birgə Hava Komandanlığı iyunun 5-də bildirib ki, Alyans Rusiya ilə həmsərhəd ölkələrdə də keçiriləcək “Ramstein Bayrağı 2026” adlı iri miqyaslı hava qüvvələri təlimlərinə başlayır.
Məlumata görə, genişmiqyaslı hava təlimlərinə Norveçin ən şimal bölgələrindən İspaniyanın cənubuna qədər üç birgə əməliyyat zonası üzrə 18-ə qədər müttəfiq ölkənin qüvvələri cəlb olunacaq. Hazırda NATO-nun müxtəlif ölkələrindən təyyarələr və aviasiya texnikası müəyyən edilmiş əməliyyat bazalarına yerləşdirilir.
Qeyd olunur ki, təlimlər iyunun 8-də start götürəcək və iki həftə davam edəcək. Təlimlərə Avropanın müxtəlif bölgələrində 200-dən çox hərbi təyyarə və 20 əməliyyat məntəqəsi cəlb olunacaq, gündəlik təxminən 150 uçuşun həyata keçirilməsi planlaşdırılır.
Əsas iştirakçı ölkələr arasında Danimarka, Norveç, İsveç, Finlandiya və İspaniya yer alır.
Məlumata əsasən, təlimlərin əsas məqsədi kollektiv hazırlığın gücləndirilməsi, hava hücumundan müdafiə (HHM) sistemlərinin imkanlarının artırılması və informasiya mübadiləsinin təkmilləşdirilməsidir. “Ramstein Bayrağı” təlimləri “Şərq Qvardiyası” adlı genişləndirilmiş monitorinq və nəzarət proqramı çərçivəsində həyata keçirilir.
İzmedia.az
![]()

