“The New York Times” qəzetinin məlumatına görə, ABŞ Sahil Mühafizəsi Rusiya tankerlərinin xam neftlə Kubaya maneəsiz keçməsinə icazə verəcək.
Məlumata istinadən bildirilib ki, ABŞ Sahil Mühafizəsinin bölgədə iki patrul qayığı olsa da, Donald Trump administrasiyası bu tankerlərin qarşısının alınması ilə bağlı heç bir göstəriş verməyib.
Qəzet yazır ki, təxminən 730 min barel neft daşıyan tankerlər bazar ertəsi Kubanın Matanzas limanına çata bilər. Bu tədarük adaya mühüm enerji mənbəyi təmin edərək ABŞ-ın tətbiq etdiyi neft məhdudiyyətlərinin təsirini azalda bilər.
Amerikalı analitiklərin fikrincə, bu addım Kubada davam edən enerji böhranının gedişatını dəyişdirə və ölkəni müvəqqəti olaraq yanacaqla təmin edə bilər. Bununla yanaşı, Kuba hökumətinə təzyiqin bir qədər azalacağı qeyd olunur.
Hazırda iqtisadi çətinliklərlə üzləşən Kuba üçün bu neft tədarükü ölkənin ən azı qısa müddətdə enerji ehtiyaclarını qarşılamağa imkan verə bilər və eyni zamanda Rusiyadan asılılığın hələ də davam etdiyini göstərir.
İzmedia.az
![]()

