Serbiya Prezidenti Aleksandr Vuçiç parlament seçkilərinin elan edilməsindən bir neçə gün sonra dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, bu barədə “Danas” qəzetinə verdiyi müsahibədə bildirib.
Vuçiçin sözlərinə görə, o, qərarını əvvəlcədən elan edib ki, rəqibləri onu seçkilərdən yayınmağa çalışmaqda ittiham edə bilməsinlər. Prezident qeyd edib ki, lazım gələrsə, parlament və prezident seçkilərini eyni vaxtda keçirməyə hazırdır.
Vuçiç bildirib ki, “Mən Respublika Prezidenti olaraq parlament seçkilərinin keçiriləcəyini elan etməli və bir neçə gün sonra istefa verməliyəm”.
O, həmçinin siyasi rəqiblərinin əhali arasında onların dəstəyini şişirddiyinə əminliyini ifadə edib. Serbiya prezidentinin sözlərinə görə, müxalifət əvvəllər vətəndaşların 70%-nin dəstəyindən istifadə etdiyini iddia edirdisə, indi sual budur: “Onların ən azı 30%-i varmı?”
Vuçiç daha əvvəl parlament qarşısında çıxış edərək istefa vermək niyyətini təsdiqləmişdi. O, bunun prezident kimi parlamentə son müraciəti ola biləcəyini və vəzifəsindəki “son günləri və həftələri”nin başa çatmaq üzrə olduğunu söyləmişdi.
Vuçiçin açıqlamaları Serbiyada uzun müddətdir davam edən hökumət əleyhinə etirazlar fonunda səsləndirilib. Bu etirazlar 2024-cü ilin dekabrında Novi Sad dəmir yolu stansiyasının damının uçması və 16 nəfərin ölümünə səbəb olmasından sonra başlayıb.
İzmedia.az
![]()

