“AFP” agentliyinin Fransa təhlükəsizlik xidmətindəki mənbəyə istinadən verdiyi xəbərə görə, rəsmi Paris 2027-ci il prezident seçkilərində potensial namizəd sayılan iki tanınmış siyasətçi haqqında yalan məlumatların yayılmasında Rusiyanın əli olduğundan şübhələnir.
Məlumata əsasən, Fransa hakimiyyəti Kremlin kəskin tənqidçilərindən olan və prezidentliyə iddialı göstərilən Avropa Parlamentinin solçu deputatı Rafael Qluksmanna qarşı yönəlmiş dezinformasiya əməliyyatını üzə çıxarıb. Bu kampaniyanın Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu bildirilən “Storm-1516” təbliğat şəbəkəsi tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Rafael Qluksman bəyan edib ki, Rusiya strukturları 2027-ci il seçki kampaniyasını pozmaq və onu nüfuzdan salmaq üçün hərəkətə keçib. Onun sözlərinə görə, onun adından saxta proqram tezisləri hazırlanıb, prosesdə saxta sənədlərdən, süni intellektlə yaradılmış səs yazılarından və uydurma videolardan istifadə edilib.
“Storm-1516” şəbəkəsi daha əvvəl Fransanın keçmiş Baş naziri, seçkilərdə ifrat sağçıların əsas rəqiblərindən biri hesab edilən Eduard Filipin səhhəti barədə yalan xəbərlər yaymaqda da günahlandırılıb. Bundan əlavə, Fransa kəşfiyyatı həmin şəbəkənin Prezident Emmanuel Makronun məhkum olunmuş cinsi cinayətkar Ceffri Epşteynlə guya əlaqəsi olmasına dair saxta iddiaların yayılmasında da iştirak etdiyini ehtimal edir.
Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Sağçı qüvvələrin əsas namizədlərindən biri kimi haqqında məhkəmə işi olmasına baxmayaraq, dördüncü dəfə namizədliyini irəli sürməyi planlaşdıran Marin Le Pen göstərilir.
İzmedia.az
![]()

