“Onet” portalının xəbərinə görə, Polşanın Beloveja Milli Parkında bizon bir kişiyə hücum edib. Hadisədən sonra park rəhbərliyi ziyarətçilərə vəhşi heyvanlarla qarşılaşarkən maksimum diqqətli olmağı tövsiyə edib.
Hadisə Beloveja meşəsində baş verib. Şahidlərin sözlərinə görə, zərərçəkən şəxs bizona həddindən artıq yaxınlaşıb. Bu zaman qəfil qəzəblənən heyvan kişiyə hücum edərək onu yerə yıxıb. Ətrafdakılar bizon yaxınlıqda olduğu müddətdə həmin şəxsdən yerindən tərpənməməyi xahiş ediblər. Ərazidəki şahidlərdən biri avtomobili ilə heyvana tərəf sürərək onun diqqətini yayındırmağı bacarıb və yalnız bundan sonra bizon kişidən uzaqlaşıb.
Beloveja Milli Parkının administrasiyası bildirib ki, bu hadisə vəhşi heyvanların insanların həddindən artıq müdaxiləsinə qarşı özünü müdafiə reaksiyasının bariz nümunəsidir. Park rəhbərliyi turistləri vəhşi təbiətlə təmasda hər zaman təhlükəsiz məsafə saxlamağa çağırıb.
İzmedia.az
![]()

