“Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan tədqiqat Antarktida buzlaqlarının əriməsi ilə son iki əsrdə yığılan zəhərli civənin mühitə sərbəst buraxılmasının kəskin artdığını ortaya qoyub.
Buzların ən sürətlə əridiyi Antarktida yarımadası ətrafındakı dəniz çöküntülərini təhlil edən alimlər sənaye dövrünün başlanğıcından bəri ərazidə civə yığılma sürətinin 160% artdığını müəyyən ediblər. Tədqiqat göstərir ki, qlobal istiləşmə nəticəsində Antarktida tədricən zəhərli metalın zərərsiz təbii anbarı olmaqdan çıxaraq aktiv çirklənmə mənbəyinə çevrilir.
Hesablamalara görə, buzların əriməsi səbəbindən qurudan okeana və atmosferə daxil olan civə miqdarı 550%, okeanla atmosfer arasındakı civə mübadiləsi 350%, çirkləndiricinin okean axınları ilə daşınması isə təxminən 400% artıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, mikroorqanizmlərin təsiri ilə yüksək zəhərli metilcivəyə çevrilən bu metal dəniz qida zəncirində toplanaraq artıq bəzi Antarktida balıqlarında təhlükəsizlik hədlərini aşan rekord səviyyələrə çatıb.
İzmedia.az
![]()

