Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti husi üsyançılarına qarşı həyata keçirilən “Yəmənin şəfəqi” adlı geni̇şmiqyaslı hərbi əməliyyatın müvəffəqiyyətlə irəlilədiyini bəyan edib.
Dövlətə məxsus “Saba” xəbər agentliyinin verdiyi məlumata əsasən, Baş nazir Şaya əl-Zindani Ədən şəhərində nazirlərlə keçirdiyi iclasda cəbhədəki son vəziyyəti müzakirə edib. Hökumət rəhbəri ölkə üzrə təhlükəsizlik hazırlığının maksimum dərəcəyə qaldırılmasını, strateji və həyati əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsini, habelə azad edilən ərazilərdə dövlət idarəçiliyinin bərpası üçün zəruri adımların sürətləndirilməsini tapşırıb. O, həmçinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və əməliyyata xarici dəstəyi artırmaq məqsədilə diplomatik səylərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda Prezident Liderlik Şurasının rəhbəri Rəşad əl-Əlimi Müdafiə Nazirliyi və ordu rəhbərliyindən döyüşlərin gedişatı barədə məruzələri qəbul edib. Dövlət başçısı hökumət qüvvələrinin və xalq müqaviməti dəstələrinin döyüş meydanındakı uğurlarını yüksək qiymətləndirərək, husilərin nəzarətində olan bölgələrin əhalisini üsyançıların səfərbərlik çağırışlarına uymamağa, husi döyüşçülərini isə silahları yerə qoyaraq təslim olmağa çağırıb. Müdafiə naziri Taher əl-Aqili də ordunun əməliyyat planına tam uyğun şəkildə irəlilədiyini və müəyyən olunmuş hədəflər istiqamətində hücumların davam etdirildiyini təsdiqləyib.
İzmedia.az
![]()

