ABŞ narkotik kartellərinə qarşı hərbi kampaniyasını genişləndirir. Dənizdə narkotik daşıyan gəmilərə qarşı həyata keçirilən hücumlardan sonra Vaşinqton indi də quruda birgə əməliyyatlar planlaşdırır. Dünyanın ən böyük kokain istehsalçısı olan Kolumbiya bu təşəbbüsdə Amerikanın yeni tərəfdaşı olub.
“Bild” nəşrinin məlumatına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset Kolumbiyanın “Amerika Əks-Kartel Koalisiyası”na qoşulduğunu elan edib. O, proqramın əsas məqsədinin birgə hərbi əməliyyatlar vasitəsilə “narkoterrorizm”ə qarşı mübarizə aparmaq olduğunu bildirib: “Biz narkotik kartellərinə və terrorçu kimi tanınan təşkilatlara qarşı güc tətbiq edə biləcəyik”.
Kolumbiyanın müdafiə naziri Xorxe Mora da ABŞ ilə əldə olunan razılaşmanı təsdiqləyib və bunun cinayətkar qruplaşmalara qarşı əməliyyatların effektivliyini artıracağını qeyd edib. Bildirilir ki, sağçı prezident Abelardo de la Espriellanın hakimiyyətə gəlməsi ilə Vaşinqton və Boqota arasındakı münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşıb; onun sələfi Qustavo Petronun dövründə isə ikitərəfli əlaqələrdə ciddi gərginlik yaşanmışdı.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Amerikanın Qalxanı” adlı yeni narkotik əleyhinə strategiyasını təqdim etmişdi. Bu siyasət çərçivəsində ABŞ artıq Ekvadorda da narkotik qaçaqmalçılarına qarşı hərbi əməliyyatlara dəstək verib.
İzmedia.az
![]()

