“Politico” və “Bild” nəşrlərinin məlumatına görə, NATO Rusiya tərəfindən gələ biləcək potensial hücumları vaxtında təyin etmək və dəf etmək məqsədilə şərq sərhədlərində minlərlə dron, sensor və süni intellekt texnologiyasından ibarət genişmiqyaslı müdafiə şəbəkəsi qurmağı planlaşdırır.
“Şərq Cəbhəsinin Qarşısının Alınması Təşəbbüsü”
Şimali Finlandiyadan Qara dənizə qədər uzanan rəqəmsal döyüş məkanı şəbəkəsi “Şərq Cəbhəsinin Qarşısının Alınması Təşəbbüsü” (EFDI) çərçivəsində həyata keçirilir. Yeni konsepsiya Rusiya və Belarusla sərhəd boyu minlərlə pilotsuz uçuş aparatını (PUA), qabaqcıl sensorları və peyk sistemlərini vahid komandanlıq mərkəzinə inteqrasiya edəcək.
Yeni sistemlə yanaşı, tanklar, qırıcı təyyarələr və artilleriya kimi ənənəvi hərbi qüvvələr də alyansın əsas zərbə gücü olaraq qalmaqda davam edəcək.
İnsan Kontrolu saxlanılır: “Bir milyon pilotumuz yoxdur”
Müasir avtomatlaşdırma imkanlarına baxmayaraq, NATO yetkililəri tam muxtariyyətə keçilməyəcəyini vurğulayırlar. Süni intellekt yalnız dronların idarə olunmasına, hədəflərin axtarışına və məlumatların emalına cavabdeh olacaq; zərbə qərarını isə birbaşa insan operatorları verəcək.
ABŞ Ordusunun Avropa və Afrika üzrə qərargahının zabiti mayor Ben Şiff bildirib ki, uçuşun ən darıxdırıcı və uzun çəkən hissələri avtomatlaşdırılmalıdır:
“Süni intellekt dronun nə edəcəyinə insan tərəfindən qərar verildikdən sonra işə düşür. Bizim bir milyon pilotumuz yoxdur və eyni anda bir milyon dronu insan gücü ilə idarə edə bilmərik. Dronun zərbə endirəcəyi an isə mütləq şəkildə insanın nəzarətində olmalıdır.”
“Öldürmə zənciri”ndən “Öldürmə toru”na keçid
EFDI-nin Məlumat Strukturunun (Data Backbone) rəhbəri olan Ben Şiff qeyd edir ki, əsas məqsəd alyansın köhnə xətti “öldürmə zənciri” (kill chain) modelindən real vaxt rejimində fəaliyyət göstərən “öldürmə toru”na (kill net) keçməsidir. Bu sistem sayəsində sensordan alınan məlumat heç bir ləngimə olmadan dərhal silah sistemlərinə və operatorlara ötürüləcək.
ABŞ Ordusunun nümayəndəsi mayor Matt Blubaugh vurğulayıb ki, dron və ya sensorun əsl dəyəri yalnız onun fərdi texniki göstəriciləri ilə deyil, ümumi əməliyyat ekosisteminə nə dərəcədə uğurla inteqrasiya olunması ilə ölçülür.
Yeni konsepsiyanın formalaşdırılmasında Ukrayna cəbhəsində əldə olunan müharibə təcrübəsi və PUA-ların kütləvi tətbiqi dərsləri mühüm rol oynayıb.
İzmedia.az
![]()

