İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemati ölkə iqtisadiyyatının çöküş mərhələsində olduğu barədə iddiaları qətiyyətlə təkzib edib. O, 36-cı İslam Bankçılığı Konfransında çıxış edərkən Tehranın kifayət qədər valyuta ehtiyatlarına malik olduğunu bildirib.
Hemati vurğulayıb ki, “İranın iqtisadi çöküş mərhələsinə qədəm qoyduğu iddiası reallığı əks etdirmir”. Mərkəzi Bank rəhbərinin sözlərinə görə, ölkəyə xarici valyuta axını və ehtiyatların toplanması prosesi fasiləsiz davam edir. İranın həm daxili valyuta ehtiyatları, həm də təfərrüatları açıqlana bilməyən əlavə maliyyə resursları mövcuddur.
O, həmçinin Mərkəzi Bankın valyuta bazarında sabitliyi təmin etmək məqsədilə 2 milyard dollara qədər vəsait daxil etməyə hazır olduğunu diqqətə çatdırıb. Mərkəzi Bank sədrinin qiymətləndirməsinə görə, rialın məzənnəsindəki son dalğalanmalar fundamental iqtisadi amillərdən çox psixoloji təsirlərdən qaynaqlanır.
İnflyasiya təzyiqlərinə toxunan Hemati ölkənin hiperinflyasiya mərhələsinə daxil olmadığını və bu ssenarinin baş vermə ehtimalının aşağı qiymətləndirildiyini qeyd edib. O bildirib ki, Mərkəzi Bank qiymət artımını cilovlamaq üçün lazımi monetar və profilaktik tədbirlər həyata keçirir.
Statistik məlumatları bölüşən bank rəhbəri ilin əvvəlindən sentyabrın 6-dək ölkədə verilən bank kreditlərinin həcminin 4 trilyon 50 milyard riala (təxminən 4,05 milyard dollar) çatdığını və bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz artdığını əlavə edib.
İzmedia.az
![]()

