Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Vladivostokda keçirilən XI Şərq İqtisadi Forumu çərçivəsində təşkil olunan brifinqdə Tokio, Vaşinqton və Kanberra tərəfindən keçirilməsi planlaşdırılan hərbi təlimlərə qəti etirazını bildirib.
Diplomat qeyd edib ki, avqustun 11-də Yaponiyanın Moskvadakı səfirliyinə rəsmi nota təqdim olunaraq, sentyabrın 8-dən 24-dək Hokkaydo adasında və Rusiya sərhədlərinə yaxın digər ərazilərdə keçiriləcək “Şərq Qalxanı” (Orient Shield) birgə təlimləri ilə bağlı ciddi narahatlıq diqqətə çatdırılıb.
Zaxarova xüsusilə vurğulayıb ki, manevrlər zamanı ABŞ istehsalı olan orta və qısamənzilli “Typhon” yerüstü raket komplekslərindən istifadə edilməsi planlaşdırılır: “Yaponiya səfirliyinə açıq şəkildə bildirildi ki, bu tip silahların hərbi təlimlər bəhanəsi ilə də olsa Yaponiya ərazisində yerləşdirilməsi Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır və tamamilə qəbuledilməzdir. Moskva milli təhlükəsizliyini adekvat səviyyədə təmin etmək üçün cavab tədbirləri görəcəyi barədə qarşı tərəfə xəbərdarlıq edib”.
Yaponiya Quru Qoşunları Komandanlığının məlumatına görə, rekord sayda – təxminən 3 700 hərbçinin qatılacağı təlimlərə canlı atışlar, şəxsi heyətin operativ yerləşdirilməsi və hərbi texnikanın daşınması daxildir. “Tomahawk” qanadlı raketləri və “SM-6” tutucu raketlərini buraxmaq qabiliyyətinə malik “Typhon” sistemləri Yaponiyada artıq üçüncü dəfədir ki, birgə manevrlərə cəlb olunur.
Ekspertlər bildirirlər ki, oktyabrın ortalarında təlimlər yekunlaşdıqdan sonra “Typhon” komplekslərinin müvəqqəti saxlama məqsədilə Yaponiyadakı ABŞ hərbi bazalarından birinə köçürülməsi nəzərdə tutulur.
İzmedia.az
![]()

