Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən 3-cü “Hili Forum” beynəlxalq konfransındakı çıxışı zamanı Yaxın Şərqdəki hərbi münaqişə başa çatdıqdan sonra BƏƏ-nin və digər Körfəz ölkələrinin məcburi olaraq İranla münasibətləri bərpa etməli olacağını bildirib.
Qarqaş vurğulayıb ki, İranla əlaqələr region ölkələri üçün strateji məsələdir və coğrafi mövqe dənizlə qonşu olan bu ölkələrə başqa alternativ qoymur. Lakin diplomat funksional diplomatik münasibətləri qaydaya salmağın mümkünlüyünü qeyd etsə də, tərəflər arasında sarsılmış etimadın tam bərpasının illər, hətta onilliklər tələb edə biləcəyini xüsusi vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar iyun ayında atəşkəs anlaşması ilə dayandırılsa da, iyulun 8-də Vaşinqton Tehranı Hörmüz boğazı üzrə şərtləri pozmaqda ittiham edərək zərbələri bərpa edib. Qlobal neft ticarətinin 25%-nin, mayeləşdirilmiş təbii qazın (LNG) isə 20%-nin keçdiyi bu strateji dəniz dəhlizində baş verən gərginlik fonunda ABŞ sonradan birbaşa hərbi güc tətbiqindən İrana qarşı iqtisadi sanksiyalar vasitəsilə təzyiq göstərmək strategiyasına keçib.
İzmedia.az
![]()

