Avropa Komissiyası bərpa olunan enerjinin inkişafı üzrə ayrıca qanun qəbul etməyi və 2040-cı il üçün xüsusi hədəflər müəyyənləşdirməyi planlaşdırır. “Euractiv” portalının sızdırılmış layihə sənədinə istinadən verdiyi məlumata görə, bu addım Aİ daxilində yeni siyasi qarşıdurmaya səbəb ola bilər.
Xüsusilə Fransa başda olmaqla 14 ölkədən ibarət “nüvə koalisiyası” bu təşəbbüsə qarşı çıxır. Həmin dövlətlər Aİ-nin iqlim və enerji siyasətində nüvə enerjisi ilə bərpa olunan mənbələrə bərabər münasibət göstərilməsini tələb edirlər. Buna baxmayaraq, Komissiya 2030-cu ildən sonrakı dövr üçün hüquqi bazanı yeniləmək, eləcə də istilik və soyutma sektorlarında bərpa olunan mənbələrin payını artırmaq niyyətindədir.
Bu fikir ayrılıqları Avropada enerji qiymətlərinin kəskin bahalaşdığı bir vaxta təsadüf edir. London ICE birjasının məlumatına görə, avqust ayında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün 744 dollara çatıb ki, bu da 2022-ci ilin sonundan bəri ən yüksək göstəricidir. Qiymət artımına Yaxın Şərqdəki münaqişə və anbarlardakı qaz ehtiyatlarının kritik dərəcədə azlığı (avqustun sonuna cəmi 65,4%) təsir göstərir.
İzmedia.az
![]()

