Avropa Birliyi ölkələri təxminən 3000 Rusiya vətəndaşı və təşkilatına tətbiq edilən sanksiyaların uzadılması ilə bağlı razılığa gələ bilmirlər. Sanksiyaların müddəti 15 sentyabrda bitir. Bu barədə “Politico” 14 sentyabrda Aİ-dəki adı açıqlanmayan diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, fikir ayrılıqları iş adamları Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyalar üzərində yaranıb. Slovakiya onların “qara siyahıdan” çıxarılmasını tələb edib, əksər Aİ üzv dövlətləri isə Rusiyadan “artan hibrid müharibə təhdidini” əsas gətirərək təklifə qarşı çıxıb. Eyni zamanda, Fransa kompromis həll yolu tapmağı və yalnız Usmanovu siyahıdan çıxarmağı təklif edib.
Sanksiyaların uzadılması müddəti də mübahisə mövzusuna çevrilib. Onlar adətən 6 ay müddətinə uzadılır, lakin bundan sonra onların 12 ay müddətinə uzadılması təklifi irəli sürülüb. Politico mənbələrinə görə, Slovakiya bu dəyişikliyə qarşı çıxıb.
İzmedia.az
![]()

