Avstraliyanın şimalındakı Vodiya şəhərində iki ailə arasında təxminən 100 nəfərin iştirak etdiyi kütləvi toqquşma baş verib. ABC telekanalının Şimali Ərazi Polisinə istinadən verdiyi məlumata görə, insident nəticəsində bir gənc ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, toqquşma iştirakçıları yay, nizə və metal çubuqlar kimi ənənəvi və təhlükəli silahlardan istifadə ediblər. Dava zamanı 22 yaşlı gənc arxadan üçüzlü nizə ilə vurularaq ağır xəsarət alıb. Əraziyə müdaxilə edən polis əməkdaşları yaralını mühasirəyə alınan evdən təhlükəsiz şəkildə çıxararaq tibb mərkəzinə çatdırıblar.
Hadisə yerində iğtişaşçılar tərəfindən mühasirəyə alınmış evin yaxınlığında bir avtomobil də yandırılıb. Yanan nəqliyyat vasitəsinin sahibinin kimliyi hələlik müəyyən edilməyib. Faktla bağlı istintaq davam etdirilir.
İzmedia.az
![]()

