ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə keçirilən “All-In Summit” tədbiri zamanı “Nvidia” şirkətinin baş direktoru Censen Huanqa (Jensen Huang) gözlənilməz telefon zəngi edib. Səhnədə müsahibə verərkən zəngə cavab verən Huanq telefonu dinamikə qoşmaqda çətinlik çəkib və söhbətin auditoriyaya yayımlanması üçün mikrofondan istifadə olunub.
Bu anı zarafatla qarşılayan Tramp bildirib: “Həyatda ən heyrətamiz şey bilirsiniz nədir? Censen dünyada heç kimin 10 il ərzində kopyalaya bilməyəcəyi ən mürəkkəb kompüter çipini hazırlaya bilir, amma məni dinamikə necə qoşacağını bilmir”.
Daha sonra süni intellektin (Sİ) riskləri ilə bağlı müzakirələrə toxunan ABŞ lideri robotların və ya Sİ-nin dünyanı ələ keçirəcəyi barədə xəbərdarlıqları “qondarma iddia” (hoax) adlandırıb. Tramp bu sahədə sərt məhdudiyyətlərin tətbiq olunması çağırışlarını ABŞ texnologiya sektorunu zəiflətməyə yönəlmiş addım kimi qiymətləndirib və vurğulayıb ki, inkişafın ləngiməsi yalnız Çinin maraqlarına xidmət edə bilər.
O, texnologiyanın inkişafında ehtiyatlı yanaşmanın vacibliyini etiraf etsə də, əlavə tənzimləmələr yaratmaq üçün Sİ sektorunda fəaliyyətin dayandırılmasına və ya ləngidilməsinə qarşı olduğunu bəyan edib.
İzmedia.az
![]()

