Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) ölkədəki suriyalı qaçqınların mühafizə statusunun kütləvi şəkildə geri götürülməsi prosesinə başlaya bilər. Bu barədə “RedaktionsNetzwerk Deutschland” (RND) media qrupu Bundestaqdakı Xristian Demokrat İttifaqı (CDU) partiyasının mütəxəssislərinə istinadən xəbər verib.
Məlumata görə, daxili işlər naziri Aleksandr Dobrindt payız aylarında BAMF-a suriyalıların sığınacaq statusunun ləğvi ilə bağlı müvafiq tapşırıq verməyi nəzərdə tutur. CDU/CSU parlament fraksiyasının nümayəndəsi Aleksandr Trom bildirib ki, yoxlamalara ilk növbədə sosial yardım alan, işləməyən və tək yaşayan gənc kişilərdən başlanmalıdır. Daimi iş yeri olan şəxslərə isə rəsmi yaşayış icazəsi almaq imkanı yaradılacaq.
Siyasətçi həmçinin vurğulayıb ki, proseslə paralel olaraq suriyalıların vətənlərinə könüllü qayıdışını təşviq edən yardım proqramları genişləndirilməlidir. Almaniyanın 2027-ci il büdcə layihəsində könüllü qayıdış üçün nəzərdə tutulan müavinətlərin artırılması planlaşdırılır (hazırda bu məbləğ hər yetkin şəxs üçün 1000 avrodur).
Kansler Fridrix Merz də bir müddət əvvəl Suriyada müharibənin başa çatması səbəbindən qaçqınların ölkələrinə dönməli olduqlarını, əks halda deportasiya ediləcəklərini bəyan edib. O, bu məsələni müzakirə etmək üçün Suriya Keçid Şurasının rəhbəri Əhməd əl-Şaraanı Almaniyaya dəvət edib.
İzmedia.az
![]()

