İsrailin Baş naziri Binyamin Netanyahu Dubaydan Tel-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentdən sonra ölkəyə həyata keçirilən xarici mülki aviasiya reysləri üzrə təhlükəsizlik protokollarının hərtərəfli araşdırılması barədə göstəriş verib.
Məlumata görə, sentyabrın 30-da BƏƏ-dən Tel-Əvivə uçan təyyarədə ikinci pilot – Oman vətəndaşı Həmam əl-Həmami kapitanı bıçaqlayaraq təyyarəni ələ keçirməyə cəhd edib. Heyət üzvləri və sərnişinlər tərəfindən zərərsizləşdirilən hücumçunun ardınca təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib. Ilkin məlumatlara görə, hücumçu təkbaşına hərəkət edib.
Hadisə İsraildə daxili təhlükəsizlik mübahisələrini alovlandırıb. “Haaretz” və “Kanal 12” xəbər verir ki, Şin Bet (ŞABAK) və digər xüsusi xidmət orqanları xarici aviaşirkətlərin heyətlərinin yoxlanılmasındakı zəifliklər barədə Nəqliyyat Nazirliyinə dəfələrlə xəbərdarlıq edib. Nəqliyyat naziri Miri Regev isə ittihamları rədd edərək heyət üyələrinin yoxlanılmasının xüsusi xidmət orqanlarının cavabdehliyində olduğunu bildirib.
Məlum olub ki, Həmam əl-Həmami əvvəllər radikal baxışlarına görə “Oman Air”də uçuşlardan kənarlaşdırılıb, lakin buna baxmayaraq “Flydubai”də işə düzələ bilib. Avstraliya polisi hücumçunun təxminən 10 il əvvəl bu ölkədə təhsil aldığı dövrlə bağlı araşdırmalara başlayıb.
İzmedia.az
![]()

