İranın keçmiş diplomatı Hadi Əfqahi “Al Jazeera” telekanalına verdiyi müsahibədə Tehranın Vaşinqtonla danışıqlarda artıq kifayət qədər güzəştə getdiyini və diplomatik etimadı bərpa etmək öhdəliyinin tamamilə ABŞ-ın üzərinə düşdüyünü bildirib.
Keçmiş diplomat Birləşmiş Ştatların diplomatiya anlayışını tənqid edərək qeyd edib ki, adətən müharibələr danışıqlarla yekunlaşdığı halda, amerikalılarla aparılan hər bir dialoq prosesi yeni hərbi qarşıdurma ilə nəticələnir. Əfqahi xatırladıb ki, əvvəlki 12 günlük və 20 günlük müharibələrdən öncə də tərəflər arasında danışıqlar gedib, hətta Vaşinqtonla Tehran arasında anlaşma memorandumu imzalandıqdan sonra belə 13 günlük hərbi toqquşma başlayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar yalnız İranın cavab zərbələri ağır və ağrılı olduqdan sonra geri çəkilmək məcburiyyətində qalıb.
Əfqahi vurğulayıb ki, İran xüsusilə Cenevrə görüşləri zamanı kompromis addımlar ataraq lazımi şərait yaradıb və bundan artıq hər hansı güzəştə getməyəcək. Üç dəfə pozulmuş etimad mühitini bərpa etməli olan tərəfin Birləşmiş Ştatlar olduğunu deyən iranlı diplomat, Tehranın son rəsmi mesajının Qətər vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırıldığını və hazırda Vaşinqtonun cavabının gözlənildiyini diqqətə çatdırıb.
İzmedia.az
![]()

