Oktyabrın 8-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Kramatorsk şəhərinə idarəolunan aviabomba ilə hücum edib. Vilayət prokurorluğunun məlumatına görə, hava zərbəsi mülki şəxsləri daşıyan iki mikroavtobusa dəyib. İlkin göstəricilərə əsasən, hücum nəticəsində 12 nəfər həlak olub, 14 sakin isə ağır yaralanıb. Hadisədən sonra Kramatorskda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin mülki əhalini təcili təxliyə olunmağa çağırıb. Hüquq-mühafizə orqanları faktla bağlı müharibə qanunlarının pozulması maddəsi ilə cinayət işi açıb.
Eyni zamanda, Rusiya PUA-ları Kiyevin Solomenski rayonunda dördmərtəbəli ticarət obyektinə zərbə endirib. Paytaxt meri Vitali Kliçko hücum nəticəsində 2 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib. Ötən gecə Kiyevin yaşayış binalarına edilən PUA hücumlarında isə 4 nəfər həlak olmuş, 21 nəfər xəsarət almışdı. Digər tərəfdən, Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 5-i uşaq olmaqla 22 nəfərə yüksəlib, 54 kişi və uşaq yaralanıb. Ümumilikdə, son sutka ərzində Kramatorsk, Kiyev, Priluki, Kremençuq və Aleksandriyaya olunmuş zərbələr nəticəsində 30 mülki şəxs həyatını itirib.
İzmedia.az
![]()

