ÜST Sibir laboratoriyasında baş verən şübhəli ölüm barədə Rusiyadan şəffaf məlumat tələb edir

1 Min Read
Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun İrkutsk filialının əməkdaşı Darya Şipilovanın şübhəli ölümü beynəlxalq səhiyyə qurumlarının ciddi narahatlığına səbəb olub. Rusiya hakimiyyəti beynəlxalq öhdəliklərə uyğun məlumat təqdim etdiyini və hadisənin icma daxilində qazanılmış pnevmoniyadan qaynaqlandığını bildirsə də, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom Qebreyesus vəziyyətin tam mənzərəsinə malik olmadıqlarını və potensial epidemioloji riskləri hərtərəfli qiymətləndirə bilmədiklərini bəyan edib.
ÜST-ün epidemiyalar və pandemiyalar üzrə direktoru Maria Van Kerkhove pnevmonik taun ehtimalı təkzib edildiyi halda gənc mütəxəssisin hansı patogenlə yoluxaraq vəfat etdiyinin hələ də qaranlıq qaldığını vurğulayıb. Rospotrebnadzor institutda bioloji təhlükəsizlik qaydalarının pozulmadığını və heç bir qəzanın baş vermədiyini iddia etsə də, yerli mənbələr Şelexov şəhərindəki laboratoriyada sərt karantin rejimi tətbiq edildiyini və əməkdaşların günlərlə binada qapalı saxlanıldığını bildirirlər.
Mərhumun anası mətbuatda yayılan “sınmış sınaq şüşəsi” versiyasını təkzib edərək, laboratoriya avadanlıqlarının belə bir qəzaya imkan vermədiyini diqqətə çatdırıb. Digər laboratoriya əməkdaşının da naməlum mənşəli pnevmoniyaya yoluxması barədə məlumatları təhlil edən ÜST Rusiya tərəfindən ziddiyyətli xəbərlərə aydınlıq gətirilməsini və şəffaf məlumat mübadiləsini gözləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş