Ankara Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukraynaya ayrı marşrutlar təklif edib

1 Min Read
Türkiyə hakimiyyəti Qara dəniz havzasında mülki gəmilərə hücumların artması və naviqasiya risklərinin yüksəlməsi fonunda kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni təşəbbüslə çıxış edib. “Milliyet” qəzetinin məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan tərəfindən irəli sürülən plan münaqişə tərəfləri — Rusiya və Ukrayna üçün ayrı-ayrı təhlükəsiz dəhlizlərin yaradılmasını nəzərdə tutur.
Təklifə əsasən, Ukrayna limanlarından hərəkət edən gəmilər üçün Rumıniya və Bolqarıstanın ərazi suları boyunca Bosfor boğazına uzanan xüsusi marşrutun ayrılması planlaşdırılır. Rusiya ticarət donanması üçün isə nəqliyyat dəhlizinin Qara dənizin şərq hissəsi ilə — Gürcüstan və Türkiyə sahilləri boyunca formalaşdırılması nəzərdə tutulur. Təşəbbüs mülki gəmilərə qarşı hərbi hücumların qarşısını almağı və 2022-ci ildəki “Taxıl Sazişi”nə bənzər genişmiqyaslı kommersiya təhlükəsizliyi mexanizmini bərpa etməyi hədəfləyir. Türkiyə XİN rəhbəri diplomatik təmasların davam etdiyini bildirsə də, Moskva və Kiyev tərəfindən təklif olunan şərtlərə hələlik rəsmi cavab verilməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş