“SpaceX” şirkətinin Ukraynada “Starlink” və “Starshield” terminallarına tətbiq etdiyi sürət məhdudiyyətləri ölkənin cəbhə logistikası ilə yanaşı, hava hücumundan müdafiə sisteminə də ağır zərbə vurub. Ukrayna Silahlı Qüvvələrində Texnoloji İnnovasiya üzrə Prezidentin müşaviri Sergey “Fleş” Beskrestnov bildirib ki, bu qərar Ukraynanın səmasını İran istehsalı olan “Şahed” kamikadze dronlarından qorumaq üçün istifadə etdiyi ən təsirli vasitələrin (tutucu qurğuların) işini pozur. Onun sözlərinə görə, tərəfdaşların bu addımı ölkəni mövcud azsaylı effektiv müdafiə imkanlarından birindən məhrum edir.
Hərbi ekspert Pavel Narojnı qeyd edib ki, yaranmış vəziyyət təkcə hava hücumundan müdafiəni deyil, həm də Rusiya logistikasını hədəf alan orta mənzilli zərbələri, kəşfiyyat dronlarını və pilotsuz qayıqların əməliyyatlarını çətinləşdirir. Ekspertlər Ukrayna ordusunun əsas rabitə və idarəetmə infrastrukturunun məhz tək bir özəl şirkətin qərarlarından asılı olmasının yaratdığı strateji risklərə diqqət çəkirlər. Alternativ olaraq göstərilən Avropanın “Eutelsat” sistemi isə hələlik bir çox parametrlərinə görə Amerika texnologiyasından geri qalır.
İzmedia.az
![]()

