ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov bildirib ki, Ukrayna öz xalqının sülh şəraitində yaşaya biləcəyinə inanmayana qədər münaqişənin həlli ilə bağlı heç bir razılaşma imzalanmayacaq. Bu barədə məlumatı “The New York Post” qəzeti yayıb.
Vitkov deyib:
“Ukrayna və onun xalqı diplomatik həll yolu tapılarsa, sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Bu, son nəticə və sülhün reallığı olmalıdır”.
O əlavə edib ki, bunun üçün ABŞ və Avropadan “aydın təhlükəsizlik zəmanətləri” tələb olunur və bu istiqamətdə işlər davam edir.
17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. Birinci gün müzakirələr altı saat, ikinci gün isə iki saat davam edib. Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski görüşləri “çətin, lakin praktik” adlandırıb, Ukrayna tərəfi isə atəşkəs monitorinqi mexanizmi barədə “demək olar ki, razılığa gəldiyini” bildirib.
Bloomberg agentliyinin fevralın 26-da yaydığı məlumatına görə, üçtərəfli danışıqların növbəti mərhələsi 4-5 mart tarixlərində keçirilə bilər. Lakin Rusiya prezident administrasiyası bu tarixləri hələ təsdiqləməyib.
İzmedia.az
![]()

