Rusiyanın paytaxtı Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti təşkilatın gələcək taleyi, regional təhlükəsizlik arxitekturası və üzv dövlətlər arasında münasibətlərin perspektivləri baxımından diqqət mərkəzindədir. Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə baş tutacaq görüşdə terrorizmlə mübarizə, hərbi əməkdaşlığın genişləndirilməsi, hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və təşkilatın 2030-cu ilədək təhlükəsizlik strategiyası müzakirə olunacaq. Lakin sammitin əsas siyasi intriqası Ermənistanın KTMT-dəki gələcək statusu ilə bağlıdır. İrəvanın təşkilatla münasibətlərini faktiki olaraq dondurması, üzvlük haqlarını ödəməməsi və Nikol Paşinyanın sammitdə iştirakının gözlənilməməsi Moskvanın qarşısında yeni siyasi dilemma yaradır. Digər tərəfdən, Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması ehtimalı KTMT daxilində onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər. Bəs Moskva Ermənistanla münasibətlərdə hansı addımları ata bilər?
Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı Qərbə bir növ mesaj göndərir:
“Yəni, bildirir ki, bizə daha diqqətli yanaşın və bilin ki, biz öz öhdəliklərimizə dönük çıxmırıq, onlara sadiq qalırıq. Ermənistan parlament səviyyəsində Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun layihəsini müzakirəyə çıxardı və sonra həmin qanun layihəsini qəbul etdi. İstiqamət Avropaya doğrudur və bunu artıq prezident də öz imzası ilə təsdiqləyib. Ancaq KTMT-dən çıxmaq hələ o demək deyil ki, Ermənistanın Avropa istiqamətində yolu açıq-aşkar görünür və ya tamamilə problemsizdir. KTMT-nin fəaliyyətində, bəli, çox böyük müəmmalar da var, boşluqlar da var. Düzdür, 2020-ci ilin əvvəlində Qazaxıstanla bağlı orada bir insident yaşandı. Yəni, faktiki olaraq, həmin dövrdə ilk dəfə KTMT kollektiv şəkildə Qazaxıstanın daxili proseslərinə müdaxilə etdi. Həmin vaxt Nursultan Nazarbayev hakimiyyətdən kənarlaşdırıldı. Təbii ki, onların özlərinin dediyi kimi, buna böyük ehtiyac var idi. Çünki ilk növbədə guya terror təşkilatları orada təhdid yaradırdılar, Qazaxıstanda hakimiyyət çevrilişinə cəhd edirdilər, konstitusion quruluşu dəyişmək istəyirdilər və s. Ancaq KTMT-nin, belə deyək, üzv ölkələrinin hər birinin kontingenti iştirak etmişdi və onlar guya arzuolunmaz proseslərin qarşısını aldılar. Faktiki olaraq, biz indi bütün dünya miqyasında görürük ki, proseslər nə dərəcədə arzuolunmaz istiqamətdə inkişaf edir. O cümlədən NATO özü də çox qeyri-müəyyən şəraitdədir. Çünki ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı artıq xüsusi bir yanaşma sərgiləyir. Öz təhlükəsizlik çətirini Avropanın üzərindən çəkir və bu, ondan xəbər verir ki, indiki halda heç kəs başqalarının qayğısını çəkməkdən ötrü özünü problemlərə qatmaq istəmir”.
Analitik bildirib ki, NATO-nun yaradıcısı, ilhamverici qüvvəsi Amerika Birləşmiş Ştatları olub:
“ İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə təşkilatın yaradılmasında məqsəd Sovet İttifaqının təhdidlərinin qarşısını almaq idi. Sonradan Sovet İttifaqı da Stalin dövründə Şərqi Avropada həqiqətən hücum mövqeyində idi və bir çox ölkələri öz himayəsinə götürmüşdü. NATO bir növ çıxılmaz vəziyyətə düşərək çalışırdı ki, Qərb dövlətlərini öz çətiri altına alsın və bununla da Sovet İttifaqına bildirsin ki, onun da gücü, koalisiyası var və onlar bu proseslərə qarşı durmaqda israrlıdırlar. Amma indiki şəraitdə artıq biz görürük ki, bütün ənənəvi konfiqurasiyalar bir növ laxlayır. Çünki güc toplaya bilən dövlətlərin sayı artıb, onlar özləri öz müdafiələrini təmin etməyə çalışırlar. Nəhayət, indi həm Ukrayna müharibəsi, həm də Fars körfəzindəki müharibə ətrafında görürük ki, çox gözlənilməz və arzuolunmaz proseslər genişlənir. Yəni, burada, təbii ki, ən çox qorxulu fikirlər yaradan, böyük risklər formalaşdıran məsələ növbəti dünya müharibəsinin meydana gəlməsidir. Çünki istər-istəməz hər iki müharibə ətrafında çoxsaylı iştirakçıların maraqları toqquşur. Ona görə də burada məhz qarşıdurma meyilləri bir növ zəifləmir. Digər tərəfdən isə risklərin artması səbəbindən həmin toqquşmaların xarakteri, səciyyəsi də dəyişir. Heç kəs risk etmək istəmir ki, birinci olaraq haradasa qeyri-adi, qeyri-ənənəvi addımlar atsın və sonra desinlər ki, bəli, bu toqquşmanın da arxasında filan şəxs, filan dövlət dayanır. Təbii ki, indi bir məsəl var, deyirlər ki, əgər müharibə istəmirsənsə, çalış güclən, ordu topla, cəbbəxananı doldur və elə et ki, səndən çəkinsinlər. İndi həddindən artıq dünyada çəkindirici vasitələr var, nüvə silahını isə bir kənara qoyaq.
Ekspert qeyd edib, indi həqiqətən də həm Şərqi Avropada, həm Yaxın Şərqdə, həm də Qərbi Asiyada əsəblər tarıma çəkilib:
“Ona görə də hesab edirəm ki, burada həm Rusiya, həm ABŞ, həm Çin, həm ərəb ölkələri, Türkiyə və İranın özü də başa düşür ki, bu proseslərdə çox dərinə getmək olmaz. KTMT-yə gəldikdə isə Rusiya başa düşür ki, təkbaşına o qədər də güclü deyil. Çünki Ukrayna ilə mübarizədə artıq xeyli cəbbəxana resursunu xərcləyib. Bundan başqa, müharibə həqiqətən də çox böyük xərclər tələb edir. Elə hesab edirəm ki, burada Belarus, Qazaxıstan, Tacikistan və digər potensial iştirakçılar var ki, onlar Rusiya ilə həmrəy olduqlarını göstərirlər. Yenə deyirəm, burada bir növ nümayişkaranə hərəkət etmək özü-özlüyündə artıq bir mövqe deməkdir, təsir göstərmək deməkdir. Belə düşünürəm ki, nə Amerika tərəfi, nə avropalılar, nə də Rusiya və onun müttəfiqləri qırmızı xətləri keçməyə cəhd göstərməyəcəklər. Sadəcə nümayiş etdirəcəklər ki, onların hazırlıqları var və lazım gələrsə, proseslərə qatılacaqlar. Amma Ermənistan burada, bir növ anlaşılmaz mövqedədir. Çünki bir tərəfdən özünün üzv olduğu təşkilatlardan uzaqlaşır. Burada KTMT var, sonra gömrük təşkilatı var, Avrasiya İqtisadi İttifaqı var. Yalnız çıxırsansa, çıx, birdəfəlik. Amma çıxmırsansa, onda cəmiyyətin başını ağrıtmğın mənası yoxdur. Yəni, Ermənistanın Azərbaycanla münasibətlərində, sülh prosesində də görürük ki, bir addım irəli atır, iki addım geri çəkilir. Hətta bəzi hallarda daha çox geri addım atır. Belə olmaz. Müstəqil dövlət kimi özünü təsdiq etmək istəyirsənsə, sənin gərək sözünlə hərəkətin bir olmalıdır. Amma Ermənistanın timsalında biz bunu, təəssüf ki, hələ də görə bilmirik. Elə başa düşürəm ki, indi Ermənistan həqiqətən də KTMT-dən çıxsa, bu, o demək deyil ki, onu birbaşa Avropa İttifaqına qəbul edəcəklər. Yaxud NATO ona xüsusi diqqət göstərəcək”.
Abbasovun sözlərinə görə, Ermənistan problemli ölkədir, münaqişəli vəziyyətlərlə bağlı problemləri var:
“ İndi Azərbaycan sülh gündəliyini irəli sürüb, amma Ermənistan qəti surətdə buna hə deyə bilmir, yaxud demək istəmir. Digər məsələ isə Ermənistanın arxasında doğrudan da havadarlarının olmasıdır. Belə dövlətlər var və onlar çalışırlar ki, Ermənistanı öz təsir dairələrində saxlasınlar. Amma buna baxmayaraq, Ermənistan, hər halda, mən deyərdim ki, ciddi dövlət təsirini artıq formalaşdıra bilmir. Yəni, ciddiliyin əsas göstəricisi nədən ibarətdir? İstənilən məsələ ilə bağlı, prinsipial məqamlarla bağlı bu dövlət ya hə deməlidir, ya da yox. Bunlar hə deyirlər, sonra bəlkə də yox, yox deyirlər, bəlkə də hə. Vladimir Putin də Moskvada Nikol Paşinyana birmənalı şəkildə bildirib ki, əgər çıxırsınızsa, çıxın, biz işimizi bilək. Onsuz da Avrasiya İqtisadi İttifaqından da, onun coğrafiyasından da çıxmaqla bağlı Rusiya demək olar ki, tədbirlər görür ki, Ermənistanı bir qədər məhdudlaşdırsın. Amma hər halda, KTMT-yə gəldikdə isə aydın məsələdir ki, indi Ermənistanda revanşizm ruhu ilə hərəkət edənlərin sayı çoxdur. Onlar birmənalı şəkildə bildirirlər ki, Rusiya silahlarından, döyüş taktikasından imtina etmək lazımdır. İstəkləri ondan ibarətdir ki, NATO standartlarına yönəlsinlər. Çünki Azərbaycan məsələsində NATO standartları ilə Ermənistanı məğlub etdi. Dörd günlük müharibədə və sonra da antiterror tədbirlərində Azərbaycan son məntiqi nöqtəni qoydu. Hər halda, dövlətin siyasi rəhbərliyi gərək bilsin ki, bu cür gah hə, gah yox, bəlkə hə, bəlkə yox deməklə ölkənin subyektliyini şübhə altına qoyur. Hələ ki, vəziyyət belədir. Amma Azərbaycan demək olar ki, çox yüksək səviyyədə öz imkanlarını həm nümayiş etdirir, həm də digər tərəfdən subyektliyini təsdiqləyir. Bildirir ki, bizim haqqımızda verilən qərarların hamısı Bakıda qəbul olunur. Yəni, burada heç bir üçüncü dövlətin iştirakı yoxdur, ikinci-üçüncü dövlətin iştirakı yoxdur. Odur ki, Ermənistan gərək Azərbaycandan özünə məxsus bir ibrət götürsün”.
![]()

