- “Yeni Konstitusiya layihəsi təkcə Azərbaycan üçün deyil, ilk növbədə, erməni xalqı üçün də mühüm əhəmiyyət daşıyır”
Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması və ictimaiyyətə təqdim olunması ilə bağlı gözləntilər artır. Baş nazir Nikol Paşinyanın yaxın günlərdə məsələ ilə bağlı xalqa müraciət edəcəyi bildirilir. Layihənin məzmunu, nəzərdə tutulan dəyişikliklər və onların ölkənin gələcək siyasi kursuna mümkün təsirləri həm hakimiyyət, həm müxalifət, həm də ictimaiyyətdə müzakirələrə səbəb olub. Bu proses region ölkələrinin də diqqət mərkəzindədir.
Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev Sherg.az-a bildirib ki, bu gün Ermənistan cəmiyyəti üçün ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsidir:
“Həm erməni siyasi ekspertlərlə, həm də jurnalistlərlə təmaslarımız zamanı onlar bildirirlər ki, Ermənistan cəmiyyətinin Nikol Paşinyandan ən böyük gözləntisi məhz yeni Konstitusiya layihəsinin təqdim edilməsidir.
Sözsüz ki, yeni Konstitusiya layihəsində müəyyən dəyişikliklər olacaq. Lakin bu dəyişikliklərin nədən ibarət olacağını hələlik bilmirik.
Çox qəribə vəziyyət yaranıb. Ermənistan müxalifəti hələ ictimaiyyətə təqdim edilməyən Konstitusiya layihəsinə qarşı artıq hücuma keçib, ona qarşı əks-təbliğat aparır. Paşinyan və onun komandasının digər üzvləri yeni Konstitusiya layihəsi ilə bağlı müəyyən açıqlamalar verib, hansı dəyişikliklərin nəzərdə tutula biləcəyini anons ediblər. Görünür, müxalifətdə də məhz bu açıqlamalar əsasında müəyyən təsəvvür formalaşıb. Onlar indidən müqavimət göstərməyə başlayıblar. Amma hələ dərc olunmamış bir layihəyə qarşı bu cür əks-təbliğat aparılması, həqiqətən də, bir qədər qəribə görünür”.
Analitik qeyd edib ki, yeni Konstitusiya layihəsində, ola bilsin ki, bizim maraqlarımıza uyğun müddəalar da yer alsın:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəa mövcuddur. Həmin müddəanın aradan qaldırılması məsələsi də gündəmdədir. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Bu, Ermənistan cəmiyyətinin müəyyən təbəqəsində narazılıq yarada bilər. Açıq etiraf etmək lazımdır ki, bu gün Ermənistan cəmiyyətində Paşinyanın mövqeyini qəbul etməyən, hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayan insanlar var.
Lakin Nikol Paşinyan, ola bilsin ki, bununla yanaşı, yeni Konstitusiya layihəsində insan hüquqları, iqtisadi azadlıqlar və digər sosial məsələlərlə bağlı müddəalara da yer verəcək. O, sənədi ictimaiyyətə təqdim edərkən cəmiyyətdəki narazılıqları azaltmağa və vəziyyəti sabitləşdirməyə çalışacaq.
Biz də uzun illər Ermənistanla münaqişə vəziyyətində olan bir dövlətin vətəndaşları kimi bu Konstitusiya layihəsini gözləyirik”.
Müsahibimiz vurğulayıb ki, sənəd bizim üçün də maraq doğurur:
“Yeni Konstitusiya layihəsi təkcə Azərbaycan üçün deyil, ilk növbədə, erməni xalqı üçün də mühüm əhəmiyyət daşıyır.
Fikirlərimi erməni siyasətçilərdən birinin ifadə etdiyi məqamla yekunlaşdırmaq istəyirəm: Konstitusiya layihəsində ərazi iddiaları yalnız Azərbaycana qarşı deyil, digər qonşu dövlətlərə münasibətdə də öz əksini tapmamalıdır. Bu cür müddəalar aradan qaldırılmalıdır ki, qonşularla dinc yanaşı yaşamaq üçün hüquqi əsas formalaşsın.
Güman edirəm ki, Ermənistan xalqı yeni Konstitusiya layihəsi ilə sülhə əsaslanan yeni gələcəyə doğru addım atmış olacaq”.
![]()

