Moskva və ətraf bölgələrdə anomal istilər müşahidə olunur. Havanın temperaturu +32 dərəcəyə qədər yüksəlib və meteoroloqlar təhlükənin yüksək səviyyədə olduğunu bildirirlər. Həkimlər xəbərdarlıq edir ki, belə havalarda yanlış davranış sağlamlıq üçün ciddi risk yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, isti havalarda ən böyük səhvlərdən biri ağır və yağlı qidaların qəbuludur. Orqanizm onsuz da bədəni soyutmaq üçün daha çox enerji sərf etdiyindən, yağlı yeməklər əlavə yük yaradır. Həkimlər daha çox tərəvəz, yüngül qidalar, şəkərsiz süd məhsulları və bol maye qəbulunu tövsiyə edirlər.
Soyuq su və buzlu içkilərin də təhlükəli ola biləcəyi bildirilir. Həkim Andrey Kondraxinin sözlərinə görə, buz kimi içkilər mədədə spazm yarada və orqanizmin susuzlaşmasını daha da artıra bilər. Buna görə suyun otaq temperaturunda və az-az içilməsi məsləhət görülür. Qəhvə, enerji içkiləri və qazlı içkilər isə susuzlaşdırmanı sürətləndirə bilər.
Mütəxəssislər günün ən isti saatlarında – xüsusilə 11:00-dan 16:00-a qədər açıq havada idman etməməyi və uzun müddət günəş altında qalmamağı tövsiyə edir. Sintetik geyimlərdən uzaq durmaq, açıq rəngli və nəfəs alan parçalara üstünlük vermək lazımdır. Baş geyimi taxmaq isə vacib hesab olunur.
Həkimlər ultrabənövşəyi şüaların dəri üçün ciddi təhlükə yaratdığını da vurğulayırlar. Günəşdən qoruyucu kremlərdən istifadə edilməməsi dəri xəstəlikləri və yanıqlar riskini artırır.
Mütəxəssislər bildirirlər ki, başgicəllənmə, ürəkbulanma, halsızlıq və nəfəs darlığı kimi əlamətlər hiss edilərsə, dərhal kölgə və ya sərin yerə keçmək, su qəbul etmək və lazım gələrsə tibbi yardım çağırmaq lazımdır.
![]()
