Kanada Ebola təhlükəsi ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edib

1 Min Read

Associated Press agentliyinin məlumatına görə, Ebola virusunun yayıldığı bölgələrdən Kanadaya gələn şəxslər 21 gün müddətində özünütəcrid rejiminə əməl etməli olacaqlar. Bundan əlavə, bəzi ölkələrdən immiqrasiya prosedurları müvəqqəti olaraq dayandırılacaq.

Kanada İctimai Səhiyyə Agentliyi bildirib ki, bu tədbirlər profilaktik məqsəd daşıyır və avqustun 29-na qədər qüvvədə qalacaq.

Məlumata əsasən, xəstəlik əlamətləri müşahidə olunan sərnişinlər əlavə tibbi müayinədən keçmək üçün xəstəxanalara yönləndiriləcəklər. Özünütəcrid imkanına malik olmayan şəxslər üçün isə xüsusi izolyasiya zonaları ayrılacaq.

Kanada hökuməti həmçinin Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqanda vətəndaşlarının immiqrasiya müraciətləri üzrə yekun qərarların qəbulunu 90 gün müddətinə dayandırdığını açıqlayıb. Bildirilib ki, bu müddət epidemioloji vəziyyətdən asılı olaraq uzadıla və ya azaldıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Konqonun şimal-şərqində yayılan Ebola epidemiyası virusun nadir növü ilə əlaqələndirilir və xəstəlik səhiyyə sisteminin reaksiya imkanlarından daha sürətlə yayılır.

Mayın 25-də ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ehtimal olunan Ebola hallarının sayı 900-ü keçib, onlardan 101-i laboratoriya şəraitində təsdiqlənib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş